Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gələcək nəsillərə nümunə
11.10.2017 09:53
  • A-
  • A
  • A+

Gələcək nəsillərə nümunə

Fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində dünyaya göz açıb.

Atası Əhmədov Teymur Əhməd oğlu 1888-ci ildə, anası Əhmədova Yetər Möylə qızı 1895-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub. Babası Əhməd kişi dövrünün üzdə olan, təhsilə maraq göstərən adamlarından biri idi. XX əsrin əvvəllərində Gədəbəy rayonunun Söyüdlü kəndində ilk məktəb də elə Əhməd kişinin sayəsində onun evində açılıb. Teymur Əhmədov və daha 6 uşağı ilk təhsilini bu məktəbdə alıb. Gədəbəy rayonunun nüfuzlu din xadimi, ərəb dilini yaxşı bilən Cabbar kişi isə həmin məktəbdə uşaqlara yalnız dini ayinləri deyil, həm də yazmağı və oxumağı öyrədib. Məktəbdə Teymur ərəb dilini mükəmməl öyrənir və sonralar rayonun Nərimankənd (Xınna) kəndində özü məktəb açır, qısa bir zamanda kənd adamlarının hörmət və məhəbbətini qazanır.

Atası Əhməd kişinin ideyalarını davam etdirən Teymur Əhmədov 1918-ci ildə öz evində həmin dövrün tələblərinə uyğun ibtidai təhsil verən məktəb açmışdır. 1920-ci ildə bu məktəbin fəaliyyəti yeni hökümətin qaydalarına uyğun olaraq rəsmiləşdirilmişdir. İlk vaxtlar çox çətinliklə olsa da, məktəbə 13 yeniyetmə cəlb olunur. Bu vaxtdan etibarən Teymur kişi Mirzə Teymur kimi tanınmağa başlayır. Oğlanları Qəşəm və Qoşqar da bu məktəbdə oxuyurdular.

Həmin dövrdə qızların təhsil alması daha ciddi çətinliklərlə üzləşirdi. Mirzə Teymur  məktəbə ilk qız şagirdi kimi övladı Hürünü gətirir və bundan sonra ona hörmət əlaməti olaraq üç-dörd valideyn də qızlarını onun məktəbinə qoyurlar. Teymur Əhmədov 1942-ci ilin mayında Xalq maarifi sahəsində fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ölkəmizdə Əməkdar Məktəb Müəllimi fəxri adına layiq görülən ilk müəllimlərdən biri olub.

Mirzə Teymurla Yetər xanımın on övladı olmuşdur. Bir oğlan, bir qız uşağı lap körpəykən vəfat etmişdir. Səkkiz uşaqdan hamısı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Böyük oğlu Qəşəm Bakıda İnternasional Pedaqoji Texnikumda oxuyarkən vəfat etmiş, qızı Bəyaz isə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməmişdir. Bu ailənin altı övladı, Qoşqar, Şamil, Cəmil, Hürü, Gülnaz və Gülarə ali təhsil almış və elmin müxtəlif sahələrində tanınmış alimlər olmuşlar.

Hörmətli oxucu, biz təqdim olunan yazıda bu nümunəvi ailənin bir övladı-Qoşqar Əhmədov haqqında ətraflı söhbət açacağıq. Ancaq yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Teymur müəllimlə Yetər xanımın böyüdüb başa çatdırdığı 7 uşağın altısı alim olub. Onlardan üçü Qoşqar, Şamil və Cəmil müvafiq olaraq Azərbaycan Dövlət Universitetinin riyaziyyat, kimya və fəlsəfə fakültələrində oxuyarkən tələbələr üçün dövrün ən yüksək təqaüdü olan Stalin təqaüdü ilə oxuyublar. Sonralar Qoşqar, Şamil və Cəmil öz sahələrində dünyanın tanınmış alimləri idilər. Qoşqar və Şamil ataları Teymurla birlikdə Böyük Vətən Müharibəsində iştirak ediblər.

Qoşqar Əhmədov ibtidai təhsilini Söyüdlü kəndində almış, V-VII sinifləri isə  Gədəbəy rayon natamam orta məktəbində oxumuşdur. Gədəbəydə oxuduğu vaxt onun yüksək riyazi qabiliyyəti olduğu məlum olur.

Hətta bəzi müəllimlər dərsə gəlmədikdə aşağı siniflərdə Qoşqar onları əvəz edərmiş. Qoşqar Əhmədov 1930-cu ildə Bakı İnternasional Pedaqoji Texnikumuna daxil olmuşdur. 1934-cü ildə Texnikumu bitirdikdən sonra Gədəbəy rayonunun Xar-xar kənd natamam orta məktəbinə fizika və riyaziyyat müəllimi təyin olunmuşdur. Həmin illərdə atası Teymur Əhmədov Xar-xar kənd məktəbinin direktoru vəzifəsində işləyirdi.

Qoşqar Əhmədov kənddə bir il müəllimlik etdikdən sonra, S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin nəzdindəki hazırlıq kursunda oxumuşdur. O, 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” bölməsinə və Tibb İnstitutuna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi). Qoşqar bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub. Lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq ənənəsinə son qoyulub. Onda Universitetin müəllimlərinin, xüsusən Maqsud Cavadovun və Əşrəf Hüseynovun təkidi ilə o, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” bölməsində təhsilini davam etdirməli olur.

Həmin illərdə Azərbaycan dilində texniki fənlər, xüsusilə fizika-riyaziyyat elmlərinə aid kitablar olduqca az olduğundan tələbələr çətinlik çəkirdilər. Eyni zamanda, müxtəlif millətlərdən olan müəllimlərin rus dilində dərs demələri rayonlardan oxumağa gəlmiş tələbələrin təhsil almasında problemlər yaradırdı.

Rus dilini müəyyən qədər atasından mənimsəyən Qoşqar Əhmədov elmi biliklərə dərindən yiyələnmək məqsədi ilə rus dilində olan kitabları tapır və həvəslə öyrənirdi. Gərgin əməyi hesabına o, artıq son kursda rus dilində sərbəst danışırdı. Gənc Qoşqarın fitri riyazi istedadı tələbəliyinin ilk illərində müəllimlərinin diqqətini cəlb etmişdir. O, beş il ərzində əla qiymətlərlə oxumuş, təhsil aldığı fakültədə tələbələr üçün dövrün ən yüksək təqaüdü olan İ.V. Stalin adına təqaüdə layiq görülmüşdür. Hələ tələbəikən elmi mövzulara üz tutması və bəzi elmi nəticələr əldə etməsi müəllimləri tərəfindən yüksək qiymətləndirilirdi. Bu dövrdə onun riyazi təfəkkürünün inkişafında, riyaziyyata sabahın alimi kimi bağlanmasında qayğıkeş müəllimləri Zahid Xəlilov, Yaroslav Lopatinski, Əşrəf Hüseynov, Maqsud Cavadov və başqalarının böyük təsiri olmuşdur.

Qoşqar Əhmədov 1941-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra o, fakültə rəhbərliyinin təklifinə əsasən aspiranturada saxlanılır.

Təsadüfi deyil ki, müəllimləri Zahid Xəlilov, Əşrəf Hüseynov və Maqsud Cavadov ona universiteti bitirdikdən sonra elmi tədqiqatlar aparmağı tövsiyə etmişdilər. Onlar inanırdılar ki, Qoşqarın bu yolda biliyi, bacarığı yetərincədir və o, artıq riyaziyyat sahəsində elmi-tədqiqat işləri aparmağa hazırdır.

1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq, 24 yaşlı gənc Qoşqar Əhmədov Qızıl Ordu sıralarına çağırılmışdır. Müharibənin ilk illərində qısa müddətə yüksək ixtisaslı zabitlər hazırlanması dövlətin əsas strateji planı olduğundan, hərbi akademiyalara qabiliyyətli gənclər göndərilirdi. Qoşqar Əhmədovun riyaziyyat və fizika sahələrində biliyi və bacarığı nəzərə alınaraq, onu həmin il Moskva şəhər Lenin ordenli Feliks Edmundoviç Dzerjinski adına Artilleriya Akademiyasının nəzdindəki texniklik kursuna göndərmişdilər. 1942-ci ildə Akademiyanı əla qiymətlərlə bitirdikdən sonra Tiflisə-Zaqafqaziya Hərbi Dairəsinə, oradan da Bakı Qarnizonuna göndərilmişdir. Müxtəlif hərbi hissələrdə əvvəlcə texnik, mühəndis, 1945-ci ilin sonuna qədər Bakı Qarnizonunun zenit artilleriyası üzrə komandir müavini vəzifələrində, baş leytenant, sonra isə kapitan rütbələrində xidmət etmişdir. Maraqlıdır ki, akademiyanı onunla birlikdə bitirənlərin böyük əksəriyyəti sonradan hərbi xidmətlərini davam etdirərək general rütbələrinə yüksəldilər. Qoşqar Əhmədov isə hərbin generallıq rütbəsindən çox elmin generallıq rütbəsinə üstünlük verdi.

O, 1946-cı ildə ordu sıralarından tərxis olunandan sonra həmin il Azərbaycan Dövlət Universitetinə işə bərpa olunaraq, “Funksiyalar nəzəriyyəsi və cəbr” kafedrasında müəllim işləməklə yanaşı, həmin kafedra üzrə aspiranturaya daxil olub, müəllimi, görkəmli riyaziyyatçı, alicənab-humanist insan, akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə “Bəzi qeyri-xətti inteqral tənliklərin tədqiqi” mövzusunda elmi iş götürüb tədqiqatlara başlayır.

Qoşqar Əhmədovun elmi rəhbəri, akademik Əşrəf Hüseynov onun qarşısında Hammerşteyn-Nazarov tipli qeyri xətti inteqral tənliklər sinifindən daha ümumi qeyri-xətti inteqral tənliklərin araşdırılmasını və onların həllinin varlığı və yeganəliyi məsələləri ilə məşğul olmağı tövsiyə etmişdir. 

29 yaşlı Qoşqar Əhmədov, 1946-cı ilin oktyabrında Universitetin rektoru akademik Abdulla Qarayevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin edilir. 1947-ci ilin sentyabrında həmin fakültənin dekanı vəzifəsinin icrası Qoşqar Əhmədova tapşırılır.

O, universitetin və Fizika-riyaziyyat fakültəsinin təşkilati işləri ilə yanaşı, elmi-tədqiqat işləri ilə də ciddi məşğul olurdu.

Qoşqar Əhmədovun namizədlik dissertasiyası nüvəsi parametrdən asılı olan daha ümumi qeyri-xətti inteqral tənliklərin həllinin varlığı və yeganəliyi məsələsinə həsr olunmuşdur. O, cırlaşmış nüvə üsulundan istifadə edərək, nüvəsi parametrdən polinomial asılı olan tənliyin həllinin varlığını və yeganəliyini isbat etmiş, həllin parametrdən asılılığını öyrənmişdir. 1949-cu ildə aspiranturanı bitirdikdən sonra, 8 dekabr 1950-ci ildə 33 yaşında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə “Bəzi qeyri-xətti inteqral tənliklərin araşdırılması (tədqiqi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

Qoşqar Əhmədov 1951-ci ildə çalışdığı kafedranın dosenti vəzifəsinə seçilib.

1952-ci ilin 15 sentyabrında Azərbaycan Dövlət Universitetinin rektoru Cəfər Xəndan Hacıyevin əmri ilə  Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinin müvəqqəti icrası Qoşqar Əhmədova həvalə edilmişdir.

Həmin ilin sonunda təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 35 yaşlı gənc alimi Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçirlər.

Beləliklə o, universitetdə ilk məsul vəzifəsinin icrasına başlayır. Həmin illərdə Qoşqar Əhmədov Azərbaycanda ali təhsilin inkişafı problemləri, onun ittifaqın qabaqcıl ali məktəbləri səviyyəsinə çatdırılması, tələbələrin elmi və ictimai işlərə cəlb olunması, fakültə dekanlığının obyektiv, canlı fəaliyyətinin təşkil olunmasında sözün həqiqi mənasında bütün qüvvəsini sərf edir, yorulmaq bilmədən çalışırdı.

O, namizədlik dissertasiyası müdafiə etdikdən sonra bu istiqamətdə elmi-tədqiqat işlərini uğurla davam etdirmiş, həllin parametrdən necə asılılığının məntiqi davamı kimi ümumiyyətlə, qeyri-xətti tənliklərin həllərinin budaqlanması və davamı məsələləri ilə məşğul olur. Bilavasitə praktikadan gələn belə məsələlərin tədqiqi ilə XIX əsrdən başlayaraq dünyanın bir çox alimləri məşğul olmuşdular.

Qoşqar Əhmədovun bu sahədə aldığı nəticələr həmin tədqiqatlara müəyyən mənada yekun vurur. Dövrün tanınmış alimləri onun elmi işini riyaziyyatda yeni bir fundamental sahəyə giriş kimi qiymətləndirdilər. Beləliklə o, özünü sabahın kamil riyaziyyatçısı kimi təsdiq edir.

O, aldığı elmi nəticələri davam etdirmək və doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə Azərbaycan Dövlət Universitetinin rektoru professor Cəfər Xəndan Hacıyevə müraciət edərək SSRİ-nin paytaxtı Moskvaya getmək arzusunda olduğunu bildirir. Dövrün qaydalarına əsasən Universitetin rəhbərliyi 20 mart 1953-cü ildə SSRi Ali və Orta İxtisas Təhsili Nazirliyinə müraciət edir.

SSRİ Ali və Orta İxtisas Təhsili Naziri V. P. Yelyutinin 06 avqust 1955-ci il tarixli razılıq əmrindən sonra o, həmin dövrdə universitetin rektoru vəzifəsində işləyən akademik Yusif Məmmədəliyevin 1955-cı il 25 avqust tarixl əmri ilə 01 sentyabr 1955-ci illdən doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin doktoranturasına ezam olunmuşdur.

Doktoranturada oxuduğu illərdə o, öz tədqiqatçılıq bacarığı və yüksək insani keyfiyyətləri ilə Moskva mühitində, riyaziyyatçı alimlər və Moskva Dövlət Universitetinin rəhbərliyi arasında böyük nüfuz sahibi idi.

O, 1959-cu ildə SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Diferensial və inteqral tənliklər kafedrasının müdiri vəzifəsinə təsdiq edilmişdir

Beş il ərzində dövrünün tanınmış alimləri-professorlar Lazar Aronoviç Lyusternik və Viktor Vladimiroviç Nemıtskinin elmi məsləhətçiliyi ilə qeyri-xətti inteqral və operatorlu tənliklərin həllərinin budaqlanma məsələləri, bu tip tənliklərin həllərinin varlığı və yeganəliyi haqqında elmi tədqiqat işləri apararaq ciddi nəticələr almışdır.

Yuxarıda qeyd olunan elmi tədqiqat işlərinin nəticəsi olaraq, o, 1960-cı ildə 43 yaşında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında fizika-riyaziyyat elmləri doktoru, professor Lazar Lyusternik və fizika-riyaziyyat elmləri doktoru, professor Viktor Nemıtskinin məsləhətçiliyi ilə “Banax fəzasında diferensial tənliklərin nəzəriyyəsinə dair” (“Operator və operatorlu diferensial tənliklərin analitik nəzəriyyəsinə dair”) mövzusunda doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

Qoşqar Əhmədov riyaziyyat sahəsində elmlər doktoru olmuş altıncı azərbaycanlıdır.

Xüsusi qeyd etmək lazımdır ki, Qoşqar Əhmədov Bakı şəhərində riyaziyyat sahəsində doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlıdır.

1960-cı ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra, ona Moskvada qalıb işləmək təklif olunmuşdu. Təkliflər  Qazaxıstandan, Orta Asiya Respublikalarından və Şimali Qafqaz ölkələrindən də var idi. Lakin öz doğma el obasına, vətəninə ürəkdən bağlı olan Qoşqar Əhmədov doğma Bakı Dövlət Universitetində işləməyə üstünlük verib, rəhbərlik etdiyi “Diferensial və inteqral tənliklər” kafedrasında fəaliyyətini davam etdirir. O, 1961-ci ildə “Diferensial və inteqral tənliklər” kafedrası üzrə professor elmi adına layiq görülmüşdür.

Qoşqar Əhmədov Azərbaycan Dövlət Universitetində çalışdığı illərdə yalnız Fizika-riyaziyyat və Mexanika-riyaziyyat fakültələrinin həyatında deyil, bütövlükdə Universitetin ictima-siyasi işlərində yaxından iştirak etmişdir.

1963-1964-cü illərdə akademik Şəfayət Mehdiyevin rektorluğu dövründə ölkə rəhbərliyi tərəfindən ona böyük etimad göstərilmiş, Universitet Partiya Komitəsinin katibi vəzifəsində işləmişdir.

Doktorluq dissertasiyası müdafiə etdikdən sonra o, qeyri-xətti diferensial, inteqral və inteqro-diferensial tənliklərlə əlaqədar elmi-tədqiqat işlərini uğurla davam etdirmiş və nəticədə 1963-1964-cü illərdə üç nəfər tələbəsi müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib.

Artıq qeyd etdiyimiz kimi Qoşqar Əhmədov 1955-ci ildə Moskva Dövlət Universitetinin doktoranturasına qəbul olur, elmi tədqiqat işlərini davam etdirmək məqsədi ilə bir neçə il Moskvada yaşayır. Məhz həmin illərdə böyük rus alimi, akademik Lev Semyonoviç Pontryaginin rəhbərliyi ilə bir qrup alim, klassik variyasiya hesabının köməyi ilə həll oluna bilməyən və geniş tətbiqi əhəmiyyəti olan məsələlərin həlli ilə məşğul olmağa başlamışdılar. Aparılan ciddi elmi araşdırmalar nəticəsində sonralar bütün dünyada qəbul olunan və “Pontryaginin maksimum prinsipi” adı ilə məşhur olan yeni bir nəzəriyyə yaradıldı.

Təxminən eyni vaxtda Amerika alimi Riçard Bellman və onun rəhbərliyi ilə işləyən qrupun tədqiqatları nəticəsində “Dinamik proqramlaşdırma” nəzəriyyəsi yaradılır.

Elə həmin illərdə belə bir məsələ də ortaya çıxdı ki, fiziki, mexaniki və digər proseslərin ciddi tədqiqi tələb edir ki, dinamik sistemlərin sürətlərinin yalnız onların indiki vəziyyətlərindən deyil, həmçinin onların əvvəlki vəziyyətlərindən də asılı olduğu nəzərə alınmalı və qəbul edilməlidir. Başqa sözlə meyl edən arqumentli tənliklərin öyrənilməsi problemi qarşıya çıxdı.

Aydındır ki, daimi yeniliklər axtarışında olan, Moskva riyaziyyat mühitində formalaşmış 45 yaşlı elmlər doktoru Qoşqar Əhmədovun riyaziyyat sahəsində baş vermiş bu yeniliklərdən xəbəri var idi və o, bu istiqamətdə elmi-tədqiqat işlərinə girişməyə fürsət axtarırdı. Bakıya qayıtdıqdan sonra Qoşqar Əhmədov bir qrup istedadlı gəncləri öz ətrafına toplayıb, rəhbərlik etdiyi “Diferensial və inteqral tənliklər” kafedrasının elmi seminarını yuxarıda adı çəkilən istiqamətə yönəltmək məqsədi ilə hazırlamağa başlayır. Müvafiq ədəbiyyatların əldə olunmasına və araşdırılmasına müəyyən qədər vaxt gedir.

Beləliklə, 1965-ci ilin iyun ayından professor Qoşqar Əhmədovun rəhbərliyi ilə Diferensial və inteqral tənliklər kafedrasının yeni istiqamətdə elmi seminarı işə başladı. Seminarda müzakirə olunan problemlər sırasına “Dinamik proqramlaşdırma”, “Optimal idarəetmə nəzəriyyəsi”, “Gecikən arqumentli diferensial tənliklər”, “Kvazi xəttiləşdirmə metodu və çoxnöqtəli sərhəd məsələlərinin h?lli”, “İnteqral bərabərsizliklər və onların tətbiqləri” daxil idi.

Seminar hər həftənin beş günü, hər gün iki saat olmaqla öz işini davam etdirirdi. Seminarda ilk iki məruzəni Qoşqar müəllimin özü etdi. Seminarda əsas çətinlik ondan ibarət idi ki, yuxarıda adı çəkilən, yeni nəzəriyyələrə həsr olunmuş, ingilis dilindən tərcümə olunmuş kitablardakı riyazi təklif və teoremlər ya isbatsız, ya da çox qısa isbatla verilmişdi. Bundan əlavə, hər bölmənin sonunda kifayət qədər çətin olan məsələlər qoyulurdu. Bu tipli məsələlərin hər birinin həlli ciddi araşdırmalar tələb edirdi. 

Qoşqar müəllim özünə məxsus inadkarlıq və səbrlə o isbatları bərpa etməyi və həmin məsələləri həll etməyi tələb edirdi. Bu isbatların bərpa olunmasında və məsələlərin həll olunmasında, o zaman gənc elmlər namizədi olan  Kazım Həsənovun xüsusi rolunu qeyd etmək yerinə düşərdi.

Qoşqar müəllimin rəhbərliyi ilə 1965-1966-cı illərdə davam edən elmi seminarın bir illik dövrünü cəsarətlə Azərbaycanda optimal idarəetmə məktəbinin yaranması dövrü, onu isə həmin məktəbin banisi adlandırmaq olar. Qoşqar Əhmədovun bu xidmətini hər hansı bir zirvəyə qalxmağa çalışan və ardınca böyük bir dəstəni aparan alpinistin xidməti ilə müqayisə etmək olar. Onun necə cəsarətli, ali, uca bir məqsəd uğrunda inadla irəli gedən genişürəkli və insanpərvər olduğunu, zirvəyə çatanların çoxu ancaq dönüb geriyə baxdıqda dərk edirlər.

Bütün bunlar tezliklə öz bəhrəsini verdi. Professor Qoşqar Əhmədovun rəhbərliyi ilə yuxarıda adları çəkilən problemlərin hər biri üzrə yeni elmi nəticələr alındı. Həmin nəticələr dövrün nüfuzlu jurnallarında çap olunmağa başladı.

Kafedranın seminarlarında Diferensial və inteqral tənliklər kafedrasının müəllimləri və aspirantları iştirak edirdilər. Hər seminarın sonunda növbəti seminarda kimin məruzə edəcəyi dəqiqləşdirilirdi və gələcək seminarlarda məruzəçilərin çıxışları haqqında tapşırıqlar verilirdi. Sonrakı illərdə seminarın işində o dövrdə Qoşqar müəllimin kafedrasında çalışan gənc elmlər namizədi Məmməd Yaqubov və aspirant  Ələddin Şəmilov daha fəal idilər.

Seminarın başlanmasından iki-üç il keçdikdən sonra Qoşqar Əhmədovun rəhbərliyi ilə daha üç nəfər namizədlik dissertasiyası müdafiə etdi.

Artıq 1970-ci illərin əvvəllərində professor Qoşqar Əhmədovun rəhbərliyi ilə Bakıda yaranmış “Optimal idarəetmə nəzəriyyəsi” məktəbi keçmiş sovetlər ittifaqında tanınmağa başlayırdı. 1971-ci ildə o, ölkədə elmin bu sahəsi ilə məşğul olan tanınmış alimlərlə elmi əlaqələr qurur və onların dəstəyi ilə Bakı şəhərində “Optimal idarəetmə sahəsində” SSRİ məkanında ilk dəfə olaraq Ümumittifaq konfransı keçirməyi qərara alır. Qoşqar müəllimin təşkilatçılığı və onun rəhbərliyi ilə 1972-ci ilin oktyabrında Bakıda “Optimal idarəetmə nəzəriyyəsi” üzrə ilk ümumittifaq konfransı keçirilir.

Konfransda Qoşqar müəllimin icmal məruzəsindən, Azərbaycan alimlərinin çıxışlarından və onların xaricdən gəlmiş qonaqlarla apardıqları söhbətlərdən sonra konfrans iştirakçıları yekdilliklə bildirdilər ki, Azərbaycanda “Optimal idarəetmənin riyazi nəzəriyyəsi” sahəsində bir mərkəz yaranıb. Əlbəttə, belə bir konfransın ilk dəfə Azərbaycanda keçirilməsi sadə bir məsələ deyildi. Lakin Qoşqar müəllimin təşkilatçılığı və onun rəhbərliyi ilə elmin bu sahəsində əldə olunmuş nəticələr imkan verdi ki, 1972-ci ilin oktyabrında Bakıda “Optimal idarəetmə nəzəriyyəsi” üzrə ilk konfrans keçirildi.

Konfransda keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən tanınmış alimlər iştirak edirdilər. Onların arasında dövrün tanınmış alimləri Moskvadan professorlar Vladimir Qriqoryeviç Boltyanski, Fyodr Pavloviç Vasilyev, Ukraynadan professorlar Aleksandr İvanoviç Yeqorov, Vladimir Larin, Belorusdan Faina Mixaylovna Kirillovanın olması xüsusi maraq doğururdu.

... Düşünürəm ki, bu konfransın Bakıda keçirilməsi və uğurla başa çatmasında professor Qoşqar Əhmədovun bir alim və elm təşkilatçısı kimi müstəsna rolu olmuşdur və bu ölkəmizdə riyaziyyat elminin inkişafı tarixində böyük bir hadisə kimi yadda qalmışdır.

O, xeyirxahlığı, gənclərə münasibəti, imkansız ailələrdən olanlara xüsusi diqqəti və qayğısı ilə hər kəsə nümunə olan bir insan idi.

Ona görə də təkcə universitetdə deyil, Azərbaycanda və keçmiş SSRİ miqyasında o, böyük nüfuz sahibi idi.

O, bütün varlığı ilə elmə bağlı idi, riyaziyyat onun üçün həyatın özü idi. Müsahibələrinin birində qeyd etmişdi ki, əgər təzədən yeniyetmə olsaydım, heç şübhəsiz yenə riyaziyyatın ardınca gedərdim. Qoşqar Əhmədov riyaziyyat üçün dünyaya gəlmişdi. Azərbaycanda riyaziyyatın fundamental elm kimi inkişaf etməsində misilsiz işlər görən alim, özündən əvvəlkilərin və çağdaşlarının da uğurlarına qəlbən sevinirdi. O, hər bir alimin uğurunu alimin şöhrəti ilə bərabər Azərbaycanın uğuru hesab edirdi. Azərbaycanda riyaziyyatın təməlini qoymuş alimlərin estafetini layiqli yetirmələrin aparmasını alim hünəri, vətəndaş ləyaqəti hesab edirdi. Unudulanları da, vaxtında qiymət verilənləri də təbliğ etməkdən yorulmurdu. Azərbaycan riyaziyyatını keçmiş ittifaq miqyasında tanıdanların xidmətlərinin unudulmaması üçün təşəbbüslər göstərirdi. O, qətiyyətlə deyirdi ki, Mikayıl Xıdırzadə və Qara Bəhram kimi istedadlı riyaziyyatçılar Azərbaycan riyaziyyatının fəxridirlər. Qoşqar müəllim eləcə də digər müəllimləri, müasirləri Məmməd bəy Əfəndiyev, Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Maqsud Cavadov, Məcid Rəsulov, Yusif Əmənzadə, Əmir Həbibzadə və növbəti riyaziyyatçılar nəslinin istedadlı nümayəndələri Fərəməz Maqsudov, Yəhya Məmmədov, Arif Babayev, Mayıs Cavadov, Mirabbas Qasımov, Sasun Yaqubov, Rəşid Məmmədov, Əli Novruzov və başqalarının müvəffəqiyyətlərinə özününkü qədər sevinərdi.

Qoşqar Əhmədov təbiət aşiqi idi. Onun Sovetlər İttifaqının və dünyanın ən məşhur istirahət mərkəzlərinə, gəzməli görməli yerlərinə getmək imkanı olsa da, Gədəbəyin dağlarına, çaylarına çıxmağı, buz bulaqlarına getməyə üstünlük verərdi. Söhbətlərində deyərdi ki, mənim üçün ən səfalı yer Gədəbəydir. Burada qayalardan süzülüb gələn saf su, dağ havası insanı paklığa çağırır, onu kamilləşdirir.

Qoşqar müəllim hər gəlişində rayonun təhsil problemləri ilə maraqlanır, dərs vəsaitlərindən tutmuş, məktəb binalarınadək hər şeyə baxır, mövcud problemləri həll etmək üçün əlaqədar təşkilatlara müraciət edirdi. Kəndə su da Qoşqar müəllimin təşəbbüsü və bilavasitə iştirakı ilə çəkilmişdi.

Qoşqar müəllim Bakıda və Azərbaycandan kənarda 50-ə yaxın dissertasiya işinə opponentlik etmişdir. O, ölkə xaricində olarkən həmişə öz həmvətənlərini axtarır, onların problemləri ilə yaxından tanış olur və imkanları daxilində kömək etməyə çalışırdı.

Qoşqar müəllim insanlarla ünsiyyətdə olmaqdan, onların xeyrində və şərində yaxından iştirak  etməkdən, arxasızlara arxa durmaqdan zövq alan böyük bir şəxsiyyət idi. Ona görə də onun ətrafında riyaziyyatçılarla yanaşı, müxtəlif peşə sahiblərini də görmək olardı.

Qoşqar müəllimin rəhbərliyi ilə dissertasiya müdafiə edərək alimlik dərəcəsi almış şəxslər öz fəaliyyətlərini Xabarovsk, Maxaçqala, Çerkassi, Leninabad (indiki Aşqabad), Daşkənd, Frunze (indiki Bişkek), Alma-ata şəhərlərində uğurla davam etdirmişlər.

1965-1967-ci illərdə professor Qoşqar Əhmədovun rəhbərliyi ilə Orta Asiya və Qazaxıstan respublikalarından altı nəfər müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcələri adı almışlar.

Səmərqənd riyaziyyatçılarına məlum idi ki, Azərbaycanda xətti və qeyri-xətti inteqral tənliklər nəzəriyyəsinin tədqiqi ilə məşğul olan alimlər vardır. Bu istiqamətdə alınan mühüm nəticələr Qoşqar Əhmədova məxsus idi. O, analitik üsullardan istifadə edərək bu istiqamətin bir sıra mühüm məsələlərini həll etmişdir. Əhmədovun kvazi-xətti operatorlu diferensial tənliklər üçün Koşi məsələsinin həllində tədbiq etdiyi metod inteqro-diferensial tənliklər üçün qoyulan qarışıq məsələlərin ümumi sinifləri üçün də tətbiq olunurdu. 

1968-ci ilin martında Azərbaycan Dövlət Universitetinin rektoru Mehdi Əliyevin əmri ilə Qoşqar Əhmədov İctimai Əsaslarla Hesablama mərkəzinin idarəetmə proseslərinin Riyazi nəzəriyyəsi şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. O, Səmərqənd Universitetinin məzunları arasından səkkiz nəfər elmlər namizədi hazırlamışdır. Sonralar onlardan üç nəfəri Səmərqəndin müxtəlif institutlarında kafedra müdiri vəzifəsinində işləyirdilər. Həmin səkkiz nəfərdən altısı namizədlik dissertasiyasını Səmərqənddə müdafiə etmişdir.

1967-1969-cu illərdə Qoşqar Əhmədovun rəhbərliyi ilə daha dörd nəfər namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsini almışdır.

Professor Qoşqar Əhmədovun anadan olmasının 50 illiyi yüksək səviyyədə keçirilmiş, yubiley tədbirində keçmiş SSRİ-nin hər yerindən tanınmış riyaziyyatçı alimlər iştirak etmişlər.

Qoşqar Əhmədov Azərbaycan Dövlət Universitetində tam ştatda işləməklə yanaşı, ayrı-ayrı vaxtlarda və illərdə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji (Gəncə Dövlət Universiteti), V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji (Azərbaycan Dövlət Pedaqoji Universiteti), Xalq Təsərrüfatı (Azərbaycan Dövlət İqtisad Universiteti) İnstitutlarında və müxtəlif illərdə Səmərqənd Dövlət Universitetində riyaziyyatın müxtəlif sahələrinə aid mühazirələr oxumuş, həmin müəssisələrdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə,  riyaziyyatçı kadrlarla təmin olunmasında və elmin inkişafına dəyərli töhfələr vermişdir. Qoşqar Əhmədov Moskva “Riyaziyyat” cəmiyyətinin, SSRİ Ali Təhsil Nazirliyi nəzdində Metodik Şuranın, Azərbaycan Dövlət Universitetinin böyük Elmi Şurasının, Mexanika-riyaziyyat fakültəsinin, Azərbaycan EA-nın, “Riyaziyyat və Mexanika” bölməsi üzrə çıxan “Elmi əsərlər” jurnalının redaksiya heyətinin, V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzinin Elmi Şuralarının üzvü olmuşdur.

1970-ci il iyunun 4-də Qoşqar Əhmədov ikinci dəfə Mexanik-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.

O, 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Universitetinin “Diferensial və inteqral tənliklər” kafedrasının müdiri və professoru olmuşdur.

Qoşqar müəllim iki il Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində işlədikdən sonra öz ərizəsinə əsasən həmin vəzifədən azad olunmuşdur. Riyaziyyat elminin daha da inkişaf etdirilməsi məqsədi ilə Qoşqar Əhmədov 1969-cu ildə Tətbiqi riyaziyyat fakültəsinin yaradılması haqqında Azərbaycan Dövlət Universitetinə gəlmiş, həmin dövrdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevə müraciət etmişdir. Bu müraciətdən sonra Heydər Əliyevin tapşırığı və köməkliyi ilə Mexanika-riyaziyyat fakültəsinin bazası əsasında Tətbiqi Riyaziyyat fakültəsi yaradılmışdır. Sonralar bu fakültənin adı dəyişdirilərək “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə çevrilmişdir.

Diferensial və inteqral tənliklər sahəsində böyük mütəxəssis kimi tanınmış Qoşqar Əhmədov 70-dən çox elmi əsərin müəllifi olmuşdur.

Qoşqar Əhmədovun elmi və pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə 60-dan çox elmlər namizədi hazırlanmışdı. O, 80-dən yuxarı namizədlik və doktorluq dissertasiyaların müdafiəsində rəsmi opponent kimi çıxış etmiş, doktorluq dissertasiyası üzərində işləyən bir çox riyaziyyatçıların elmi məsləhətçisi olmuşdur.

Qoşqar Əhmədovun xidmətləri bir sıra hökümət mükafatlarına layiq görülmüşdür. Böyük Vətən müharibəsinin iştirakçısı kimi 1945-ci ildə “Qafqazın müdafiəsi” və “Almaniya üzərində qələbə” medalları, yüksək səviyyəli gənc riyaziyyatçı-mütəxəssislərin hazırlanmasında uzun müddətli və qüsursuz əməyinə görə “Şanlı Əmək” medalı ilə təltif edilmişdir. O, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibəti ilə xatirə medalı ilə təltif edilmiş və həmən il Azərbaycan SSR-nin EA-nın müxbir üzvü seçilmişdir.

Qoşqar Əhmədov təkrarsız insani kefiyyətlərə malik olan böyük şəxsiyyət idi, xarakterinə xas olan sadəlik, təbiilik, səmimiyyət, xeyirxahlıq, alicənablıq, müstəsna qayğıkeşlik və nikbinlik onu ətrafındakılarla doğmalaşdıran ən mühüm kefiyyətlərdən idi. O, bir şəxsiyyət kimi çox keşməkeşli həyat yaşadığından tələbələrinə müstəsna dərəcədə dərin inam bəsləyirdi ki, bu da elmi problemlərin həllində onlara qarşıya çıxan çətinlikləri müvəffəqiyyətlə aradan qaldırmaqda böyük psixoloji yardım göstərirdi.

Misir Mərdanov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

525-ci qəzet

  • Paylaş: