Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Qurban Nizaməddin oğlu Cəlilov - 90
17.10.2017 13:42
  • A-
  • A
  • A+

Akademik Qurban Nizaməddin oğlu Cəlilov - 90

Yeraltı hidroqazdinamika və neft-qaz yataqlarının işlənməsi sahələrində böyük xidmətləri olan görkəmli alim, AMEA-nın həqiqi üzvü Qurban Nizaməddin oğlu Cəlilov 1927-ci il oktyabrın 27-də Şəki şəhərində anadan olmuşdur.

1945-ci ildə o, orta məktəbi gümüş medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1950-ci ildə riyaziyyat ixtisası üzrə universiteti bitirərək Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş və Moskva şəhərinə ezam edilmişdir. 1954-cü ildə Moskvada yeraltı hidrodinamika sahəsində tanınmış alim, professor V.N.Şelkaçevin rəhbərliyi altında "Neft konturunun hərəkəti və quyunun sulaşması ilə əlaqədar bəzi məsələlərin hidrodinamik tədqiqi" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.

Azərbaycanın neft yataqlarının işlənməsinin sistem və üsullarının hazırlanması və təkmilləşdirilməsində böyük xidmətləri olmuş Q.Cəlilov Azərbaycan  EA-nın Neft Ekspedisiyasında kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində tədqiqat işləri aparmışdır. O, 1958-1960-cı illərdə Elmi-Tədqiqat Neftçıxarma institutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.

1960-cı ildən etibarən alimin həyatı Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri (keçmiş Neft və Qaz Yataqlarının İşlənməsi) institutu ilə bağlı olmuşdur. Əvvəlcə o, bu müəssiədə baş elmi işçi kimi fəaliyyətə başlamış, 1961-ci ildən institutun Yeraltı hidrodinamika şöbəsinə rəhbərlik etmiş, 1974-1988-ci illərdə isə institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1980-cı ildə Azərbaycan EA-nın Yer haqqında Elmlər bölməsinin akademik katibinin müavini seçilmişdir.

Q.Cəlilov 1963-cü ildə "Neft konturunun hərəkəti, quyuların sulaşması və süzülmənin fəza məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1966-cı ildə professor elmi adını almış, 1972-ci ildə "Neft, qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1989-cu ildə isə "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.

Yüksək peşəkarlıq, geniş dünyagörüşü, tədqiqatların çoxsahəliliyi ona xas olan əsas xüsusiyyətlərdəndir.

Akademik Q.Cəlilovun yarım əsrlik məhsuldar və zəngin elmi yaradıcılıq fəaliyyəti dövründə apardığı fundamental elmi-tədqiqat işləri və aldığı mühüm nəticələr yeraltı hidroqazdinamika, neft və qaz yataqlarının işlənməsi sahələrində böyük əhəmiyyət kəsb edir, həmçinin neftçıxarmanın nəzəriyyəsi və təcrübəsi üçün sanballı töhfədir.

Q.Cəlilovun öz həmkarları və tələbələri ilə birlikdə apardığı çoxsaylı elmi-tədqiqat işləri quyuların qarşılıqlı təsiri və sulaşması, su-neft konturunun hərəkəti, qazın su və qazlı maye ilə sıxışdırılması, lay parametrlərinin, tektonik pozuntuların və laylararası axınların yerinin təyin olunması, tükənmədə olan qazkondensat və neft yataqlarının işlənmə layihələrinin hazırlanması və işlənməsinin təhlili, çoxlaylı qaz yataqlarının işlənməsinin qazhidrodinamik hesabat üsullarının hazırlanması və s. aktual problemlərin həllinə həsr olunmuşdur.

Alimin dərin və məhsuldar elmi araşdırmaları və aldığı nəticələr neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və tədqiqində geniş istifadə olunur.O, həmçinin Azərbaycandakı Neft Daşları, Qaradağ, Cənub, Darvin hövzəsi, Palçıq pilpiləsi, Hövsan, Duvannı yataqlarının işlənmə layihələrinin əsas icraçılarından biri olmuşdur.

Q.Cəlilov keçmiş SSRİ EA-nın "Neft və qaz yataqlarının işlənməsi" problemi üzrə Elmi Şuranın, Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri institutunda elmi dərəcələr verən İxtisaslaşdırılmış Şuranın, Azərbaycan Dövlət Neft Akademiyasında "Deformasiyalanan bərk cisim mexanikası","Maye, qaz və plazma mexanikası" ixtisasları üzrə elmi dərəcələr verən İxtisaslaşdırılmış Şuranın, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft, qaz və qazkondensat yataqlarının işlənməsi" üzrə mərkəzi komissiyanın və Beynəlxalq Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü, Azərbaycan Sovet Ensiklopediyasının texnika elmləri redaksiyası üzrə elmi məsləhətçisi olmuşdur.

O,  230-dan artıq  elmi-tədqiqat işinin, o cümlədən, 4 monoqrafiya və 2 müəlliflik şəhadətnaməsinin müəllifi idi.

Akademikin elmi kadrların hazırlanmasında da böyük  rolu olmuşdur. Onun rəhbərliyi altında 2 doktorluq, 24 namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Q.Cəlilov dərin bilik və zəngin yaradıcılıq təcrübəsini gənc nəslə böyük həvəslə öyrədən qayğıkeş alim idi. O, Bakı Dövlət Universitetində, Texniki Universitetdə və "Təfəkkür" Universitetində maye və qaz mexanikasının müxtəlif bölmələrindən mühazirələr oxumuşdur.

Alim uzunmüddətli və məhsuldar elmi-ictimai fəaliyyətinə görə "Xalqlar dostluğu" ordeni, "Şanlı əməyə görə. V.İ.Leninin anadan olmasının 100 illiyi münasibəti ilə" yubiley medalı, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan EA Rəyasət Heyətinin Fəxri fərmanları, "Neft sənayesi əlaçısı" nişanı ilə təltif edilmiş, akademik İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.

Q.Cəlilov tələbkar, həmişə elmi yaradıcılıq axtarışlarında olan, nikbin, qayğıkeş və sadə insan idi. Ona müraciət edənlərə kömək əlini uzadar və yol göstərərdi.

Neft elminin inkişafında özünəməxsus iz qoymuş və şərəfli ömür yolu keçmiş səmimi və xeyirxah insan Qurban Cəlilovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

AMEA-nın müxbir üzvləri Qərib Calalov, Arif Quliyev, texnika  elmləri  namizədi Z.Quliyeva

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: