Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.10.2017 14:43
  • A-
  • A
  • A+

"İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər" mövzusunda konfrans keçirilib

"İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər" mövzusunda konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İtaliyanın Venesiya Kafoskari Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konfransda Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək Venesiya Kafoskari Universiteti ilə 2013-cü ildən əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, bir müddət öncə sözügedən universitetdə "Azərbaycan və İtaliya multikulturalizminin müqayisəsi" mövzusunda konfrans keçirilib və bugünkü tədbir onun məntiqi davamıdır.

İdentiklik və multikulturalizm mövzusunun müasir şəraitdə fəlsəfədə xüsusi aktuallıq kəsb etdiyini deyən İ.Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin respublikamızda “Multikulturalizm İli” elan olunduğunu xatırladıb. O, multikultural dəyərlərin Azərbaycanın dövlət siyasətinə çevrildiyini və bu istiqamətdə ölkəmizdə bir sıra beynəlxalq forumların keçirildiyini diqqətə çatdırıb.

Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək Azərbaycanın tarixən multikultural ölkə olduğunu və müxtəlif xalqların nümayəndələrinin burada birgə yaşadıqlarını bildirib: "Azərbaycan tarixən zor gücünə müxtəlif ideologiyalara cəlb edilib, lakin ölkəmiz müstəqillik qazandıqdan sonra milli kimlik faktoru yenidən gündəmə gəlib". Cəmiyyətin vahid məqsəd və prinsiplər ətrafında birləşməsinin önəminə toxunan alim konfransda müzakirə olunacaq məsələlərin müasir dövr üçün əhəmiyyətindən söz açıb.

Akademik N.Axundova identiklik və multikulturalizmin vəhdətinin artıq ölkəmizdə formalaşdığını və alimlərin bu istiqamətdə müəyyən tədqiqatlar apardıqlarını bildirib. 

Sonra Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək multikultural dəyərlərin Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapdığını söyləyib. Qeyd edib ki, konstitusiyanın 25-ci maddəsində irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. O, milli mənsubiyyətin qorunub saxlanması, ana dilindən istifadə və digər məsələlərin də konstitusiyada yer aldığını və bunların multikulturalizmi əks etdirdiyini söyləyib.

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari isə çıxışında Azərbaycanda multikulturalizm ideyalarının dövlət tərəfindən dəstəkləndiyini söyləyərək, alimlərin bu prosesdə iştirakını yüksək qiymətləndirib.

Tədbirdə fəlsəfə üzrə elmlər doktoru, professor Zümrüd Quluzadənin "Milli mədəniyyət və milli identiklik anlayışları", filologiya üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin "İranda azərbaycanlıların milli kimlik məsələləri: təmayüllü yanaşmalar və reallıqlar", fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanovun "Böhran şəraitində identiklik anlayışları: XXI əsrin çağırışları fonunda", iqtisadiyyat üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlunun "Multikultural mühitin yaradılmasında riyazi modellərdən istifadənin əhəmiyyəti", professor Aldo Ferrarinin "Tiflis - XIX əsrdə transqafqaz multikulturalizminin mərkəzi kimi" və digər mövzularda məruzələri dinlənilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: