Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən Ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib
31.10.2017 09:48
  • A-
  • A
  • A+

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən Ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

27-28 oktyabr 2017-ci il tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində “Rusiya dünya mədəni irsində” mövzusunda Ümumrusiya müşavirəsi keçirilib. Bu mötəbər tədbirdə AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev UNESCO-nun İpək Yolu proqramı üzrə ekspert kimi iştirak edib.

Müşavirənin işində Rusiya Federasiyasının Mədəniyyət naziri Vladimir Medinski, Tatarıstan Respublikasının dövlət katibi Mintimer Şaymiyev, Rusiya Federasiyasının UNESCO üzrə Milli komissiyasının məsul katibi Qriqori Orconikidze, Tatarıstan Respublikasının Mədəniyyət naziri Ayrat Sibaqatullin, digər məsul şəxslər, mədəniyyət işçiləri, elm xadimləri iştirak ediblər.

Tədbirdə Tatarıstanın beynəlxalq elmi-mədəni layihələrin həyata keçirilməsində əldə etdiyi təcrübəsi, bir sıra abidələrin UNESCO-nun Bəşəriyyətin Mədəni İrsi siyahısına daxil edilməsi, Rusiyanın müvafiq təşkilatlarının beynəlxalq ekspertlər ilə əməkdaşlığı və bu sahədəki perspektivlərlə bağlı məsələlər müzakirə olunub.

Akademik Şahin Mustafayev müşavirədə İpək yolu üzərində yerləşən bir sıra ölkələrin öz tarixi-mədəni abidələrini UNESCO-nun Bəşəriyyətin Mədəni İrsi siyahısına daxil etmələrinin önəmindən danşıb. O, bu sahədə Azərbaycan, Rusiya, Türkiyə, Orta Asiya ölkələri arasında əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Ş.Mustafayev rusiyalı ekspertlərlə müzakirələrdə iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: