Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Təcrübə-Sənaye zavodu: 40 il elm naminə
18.03.2014 00:00
  • A-
  • A
  • A+

Təcrübə-Sənaye zavodu: 40 il elm naminə

Bu il Təcrübə-Sənaye zavodunun yaradılmasının və fəaliyyət göstərməsinin 40 ili tamam olur.

1974-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental Bazası əsasında yaradılmış Təcrübə-Sənaye zavodu (TSZ) Milli Elmlər Akademiyasında, o cümlədən Respublikada bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir.

TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalı və satışından ibarətdir. Yarandığı gündən bu günə qədər həmin vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.

Belə ki, TSZ AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmi bazası olmaqla ilk növbədə həmin institutun alimlərinə məxsus mütərəqqi elmi işləmələrin sınaqdan keçirilməsi və istehsalata tətbiqi işləri ilə məşğul olmuşdur. Respublikada fəaliyyət göstərən Neftayırma zavodlarında tətbiq olunan NKPİ-yə məxsus neftin emalı ilə əlaqədar demək olar ki, bütün əsas proseslər əvvəlcə TSZ-nin pilot və təcrübə-sənaye qurğularında sınaqdan keçirilmişdir. TSZ-nin yaradılmasında və inkişaf etməsində NKPİ-yə uzun illər ərzində rəhbərlik etmiş akademik Vahab Əliyevin böyük rolu olmuşdur. Onun fədakar əməyi, güclü təşkilatçılğı nəticəsində TSZ-nin analoqu olmayan bir müəssisə kimi formalaşması mümkün olmuşdur.

Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə bir çox müəssisələrlə illər ərzində yaranmış iqtisadi əlaqələrin itirilməsi nəticəsində zavodda ağır maliyə vəziyyətinin yaranmasına baxmayaraq, rəhbərliyin və TSZ-nin aparıcı mütəxəssislərinin əzmkarlığı və səyi nəticəsində zavod özünün elmi-texniki və kadr potensialını qoruyub saxlaya və qısa müddət ərzində öz istehsal profilini dəyişərək mövcud qurğuların bazasında müxtəlif mühərrik yağlarının və plastik sürtkü materiallarının istehsalını təşkil edə bildi.

Yeni yaradılmış qurğu və sahələrin işə düşməsi və rəhbərlik tərəfindən digər lazımi tədbirlərin həyata keçirilməsi nəticəsində TSZ dövlət büdcəsinə olan külli miqdarda borclarını ödəməklə yanaşı, 2003-cü ildən etibarən mənfəətlə işləməyə başladı. Maliyyə vəziyyətinin stabilləşməsi və eyni zamanda AMEA Rəyasət Heyətinin 12 sentyabr 2003-cü il tarixli Sərəncamı TSZ-nin elmi və elmi-texniki əlaqələrinin genişlənməsinə böyük imkanlar yaratdı. Qısa zaman ərzində zavod Azərbaycanın və MDB-nin 20-yə yaxın elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurdu, əməkdaşlıq müqavilələri bağladı və nəticədə 40-a yaxın pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaratdı.

Beləliklə elmi təcrübə işlərinin həcminə və nomenklaturasına görə Neft-Kimya Prosesləri İnstitutu, Milli Aviasiya Akademyası, AMEA-nın Geologiya, Fizika, Botanika, Kimya Problemləri, Polimer Materialları İnstitutları ilə, Bakı Dövlət Universiteti, Azərbaycan Neft Akademiyası və digər elm, təhsil müəssisələri ilə çoxsaylı elmi təcrübə və sınaq işlərinin aparılması başlandı.

Elm və tədris müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq öz müsbət nəticələrini göstərmiş və hazırda da göstərməkdədir :

- Milli Aviasiya Akademiyası və TSZ-nin alim və mütəxəssislərinin birgə yaratdığı Poliefiruretan lak kompaundunun sintezi prosesi “İnformasiya-kommunikasiya texnologiyaları” jurnalının təsis etdiyi 2006-cı ilin intellekt layihəsi”nin elm nominasiyası üzrə qalibi elan edilmişdir.

- Uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətinə görə TSZ-nin direktoru Nəriman Cavadov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Azərbaycanın Əməkdar Mühəndisi” Fəxri adına layiq görülmüşdür.

- AMEA-nın 60 illiyi münasibəti ilə TSZ-nin 6 nəfər aparıcı mütəxəssisi AMEA-nın Fəxri Fərmanları ilə təltif edilmişlər.

- 2011-ci ildə TSZ Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu və Caspian Energy Beynəlxalq Media Qrupunun “İlin elmi tədqiqat zavodu” nominasiyası üzrə birinci dərəcəli mükafatını almışdır.

- Təcrübə Sənaye zavodu 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında “Elmin İnkişafı Fondu”nun elan etdiyi qrant layihəsini udmuşdur. ”Yeni nəsil nanostrukturlu poliefiruretan əsaslı örtüklərin sintezinin elmi-texnoloji əsaslarının işlənməsi və tətbiqi” qrant layihəsinin yerinə yetirilməsində TSZ, Milli Aviasiya Akademiyası, NKPİ və Almaniyanın Münster şəhərində yerləşən “Nanotexnoloji mərkəzin”in mütəxəssisləri birgə iştirak etmişlər.

- TSZ-nin mütəxəssisləri MDB ölkələri, Türkiyə, İngiltərə, Almaniya, Kanada, Çin, İran və başqa ölkələrdə keçirilən bir çox Beynəlxalq elmi konfransların, simpoziumların iştrakçısı olmuşdur.

- 2001-2014 cü illər ərzində TSZ-nin iştirakı ilə 77 elmi məqalə yazılmış və 10 patent alınmışdır.

Əldə edilmiş bütün bu nəticələr göstərdi ki, Təcrübə-Sənaye zavodu özünün elmi-texniki və kadr potensialı ilə təkcə bir institutun yox, Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrinin bir çox institutlarının təcrübə-sınaq bazası olmaq imkanına malikdir.

Məhz göstərilənlər nəzərə alınmaqla, AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli Qərarı ilə Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir.

İnanırıq ki, bu qərar AMEA-ya məxsus Elmi-tədqiqat İnstitutlarına Təcrübə-Sənaye zavodunun bazasında yaradılacaq Texnoparkın potensialından istifadə etməklə Azərbaycan elminə daha böyük töhvələr verilməsinə geniş imkanlar yaradacaqdır. 

İqtisadçı-mühəndis Süleyman Süleymanov

  • Paylaş: