Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Pekində çıxan "Çin gəncliyi" qəzetində Azərbaycan-Çin elmi əlaqələrinə aid məqalə dərc olunub
07.11.2017 11:13
  • A-
  • A
  • A+

Pekində çıxan "Çin gəncliyi" qəzetində Azərbaycan-Çin elmi əlaqələrinə aid məqalə dərc olunub

“Elmi mübadilənin güclənməsi Çin-Azərbaycan dostluğunun və əməkdaşlığının inkişafına, "Bir kəmər, bir yol" strategiyasının həyata keçməsinə təkan verir” başlıqlı məqalənin müəllifi, qəzetin Cənubi Qafqaz üzrə müxbiri Xuanq Çinqdir. Müəllif qeyd edir ki, Çin və Azərbaycan arasında dostluq əlaqələrinin sürətlə güclənməsi ilə iki ölkə arasında elmi mübadilənin inkişafı daha intensiv xarakter alaraq yeni elmi nailiyyətlərin qazanılması ilə yadda qalıb. Elmi mübadilənin güclənməsi iki xalqın bir-birini daha yaxından tanımasına zəmin yaradıb, ölkələr arasındakı dostluğu daha da dərinləşdirib, eyni zamanda, "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsində praktik rol oynayıb.

Müxbir Çin-Azərbaycan dostluq münasibətlərinin perspektivləri, Çin-Azərbaycan elmi mübadiləsinin genişlənməsi mövzusunda AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylidən müsahibə alıb. Akademik İsa Həbibbəyli bildirib ki, "Bir kəmər, bir yol" təşəbbüsü gerçəkləşdikcə, Çin-Azərbaycan elmi mübadiləsi daha da intensivləşir və aktiv şəkildə inkişaf edir: “Azərbaycan Avropa və Asiya qitələrinin kəsişdiyi nöqtədə yerləşir, Qərb və Şərq sivilizasiyasının qovşağı hesab olunur. Keçən illər ərzində Azərbaycan iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, multikulturalizmin təbliğində, bəşər sivilizasiyanın inteqrasiyasında böyük səylər göstərmişdir. 2016-cı il Azərbaycanda "Multikulturalizm ili", 2017-ci il "İslam həmrəyliyi" ili elan olunmuşdur".

Akademik İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan Avrasiyada mədəniyyət körpüsü və qovşağı rolunu getdikcə artıqmaqdadır. Qədim İpək yolu Çin və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdırıb. Hazırda hər iki ölkənin liderlərinin səyləri nəticəsində, Çin-Azərbaycan münasibətləri sürətlə inkişaf etməkdədir. 2015-ci ilin dekabr ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı iki ölkə arasında "İpək yolu iqtisadi kəmərinin birgə inkişafı haqqında anlaşma memorandumu", təhsil, dəmiryolları, nəqliyyat və digər sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb ki, bu sənədlər də müxtəlif sahələrdə birgə əməkdaşlıq üçün konkret istiqamətləri müəyyənləşdirib.

Alim qeyd edib ki, hazırda dövlətlərarası razılaşma əsasında təhsil və elm sahəsindəki müqavilələr uğurla həyata keçirilir: “Elmi mübadiləyə gəlincə əməkdaşlıq sahəsində Elmlər Akademiyalarının nümunəvi fəaliyyətini göstərmək olar. Hazırda hər iki ölkənin Elmlər Akademiyalarının birgə səyləri nəticəsində ardıcıl şəkildə davam edən mübadilələr və qarşılıqlı səfərlər həyata keçirilməkdədir. Bir müddət öncə Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Vanqvey Quanqın rəhbərliyi altında nümayəndə heyəti AMEA-ya səfər etmiş, hər iki ölkənin ən ali elmi təşkilatları bir çox sahələrdə razılığa gəlmişlər. Hazırda Çin və Azərbaycan elmi mübadilə və müzakirələr mühiti daha ardıcıl xarakter almaqdadır. Artıq hər iki tərəf konkret və detallı elmi tədqiqat proqramları hazırlayır".

İ.Həbibbəyli bildirib ki, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən çıxış edərək, Mərkəzi Asiya ölkələri ilə birgə "Bir kəmər, bir yol" təşəbbüsü üzrə elmi tədqiqatlar aparmaq üçün danışıqlar aparır, birgə əməkdaşlıq üçün konkret təkliflər irəli sürür, elmi tədqiqat layihələrini və planlarını müzakirə edir. Biz bu cür elmi tədqiqat layihələri çərçivəsində mübadilələrimizi genişləndirə, tədqiqatlarımızı dərinləşdirə və ölkələrimiz arasındakı hərtərəfli əlaqələrin inkişafına töhfə verə bilərik.

Vitse-prezident vurğulayıb ki, hazırda AMEA-nın Ədəbiyyat İnstitutunda ədəbi əlaqələrin güclənməsi yönündə mühüm işlər görülür. Azərbaycanda iki Konfutsi İnstitutunun fəaliyyəti sayəsində qədim və zəngin Çin mədəniyyətinin öyrənilməsində və tanıdılmasında məqsədyönlü tədbirlər həyata keçirilir. Alim qarşılıqlı olaraq Azərbaycan-Çin tarixinin elmi əsaslarla öyrənilərək təbliğ olunmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, sözügedən məqalə “Çin gəncliyi” qəzetinin 31 oktyabr 2017-ci il tarixli nömrəsinin 5-ci səhifəsində dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: