www.science.az
19.03.2014 00:00

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının iclası keçirilib.

İclasda AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və mərkəzin direktoru, geologiya-mineralogiya üzrə elmlər doktoru Qurban Yetirmişlinin Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatına təqdim edilməsi, Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, RSXM-də keçirilən attestasiya barədə məsələlərə baxılıb. Həmçinin bu il mayın 29-dan 31-dək Bakıda keçiriləcək “ANTİLOP” proqram sistemi qrupunun VI Beynəlxalq konfransına hazırlıq, 2014-cü ildə mərkəzdə keçiriləcək elmi seminarların müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Daha sonra RSXM-in elmi məsələlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayevin dövlət mükafatına namizədlərlə bağlı məruzəsi dinlənilib. Şura üzvləri yekdilliklə geologiya-mineralogiya elmlər doktorları Q. Yetirmişli və F. Qədirovun mükafata təqdim edilməsi təklifini dəstəkləyiblər.

Tədbirdə mərkəzdə çalışan doktorantların elmi işlərinin hazırlıq vəziyyətinə toxunulub, onların bu ilin mart-aprel aylarında hesabat məruzələrini təqdim etməsi barədə qərar qəbul edilib.