www.science.az
08.11.2017 10:36

AMEA-nın magistrantlarının Şəkiyə səfəri təşkil edilib

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) magistrantlarının Şəki şəhərinə səfəri təşkil edilib.

AMEA-nın Şəki Regional Elm Mərkəzi, Coğrafiya İnstitutu və BDU-nun təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd magistrantların təbii və antropogen rekreasiya ehtiyatları, turizm obyektləri və istehsalat müəssisələri ilə yaxından tanışlığı olub.

Magistrantlar səfər zamanı I-IV əsrlərə aid Kiş alban məbədi, Tarix Diyarşünaslıq Muzeyi, Şəki Xan Sarayı və Karvansarada olub, regionun tarixi və adət-ənənələri haqqında məlumat alıblar. Bundan əlavə, antropogen şam meşəsi, Kiş çayının selli ərazilərini müşahidə edib, “Şəki-İpək” ASC-nin barama və digər sexlərində istehsalat prosesi ilə tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.