www.science.az
13.11.2017 12:09

AMEA-da Herontologiya və heriatriya üzrə beynəlxalq məktəbin açılışı olub

Noyabrın 13-də AMEA-nın Əsas binasında BMT Malta Beynəlxalq Qocalma İnstitutu, Azərbaycan Herontoloqlar Cəmiyyəti və AMEA-nın birgə təşkilatçılığı ilə Herontologiya və heriatriya üzrə beynəlxalq məktəbin açılışı baş tutdu.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov yeni məktəbin ölkədə herontologiya və heriatriya sahəsində yeni nailiyyətlərin əldə olunması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Qeyd etdi ki, məktəb müvafiq sahənin fundamental əsasları, qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemləri və onlara tibbi-sosial yardımın göstərilməsi ilə bağlı bilikləri aşılamağı nəzərdə tutur. Multidissiplinar təhsil proqramının məqsədi hər bir şagirdi müzakirələrdə fəal iştiraka cəlb edərək, təklif olunan materialın dərindən mənimsənilməsinə yardım etməkdir.

“Müvafiq sahədə kadr hazırlığını təkmilləşdirmək, yeni mütəxəssislərin bilik səviyəsinin monitorinqini aparmaq əsas hədəflərdəndir”, – deyə bildirən alim sonda məktəbin nümayəndələrinə sertifikatların təqdim olunacağını diqqətə çatdırdı.

Ə.Əmiraslanov bildirdi ki, herontoloji tədqiqatlar Azərbaycan elminin yaxın 10-15 ili üçün prioritet istiqamətlərdəndir. Hazırda AMEA-nın bir sıra institut və təşkilatları yerli və xarici tərəfdaşlarla birgə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə uzunömürlülüyün fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beş illik elmi-tədqiqat proqramı həyata keçirir.

Ölkəmizdə də əhalinin qocalması probleminin vüsət aldığını deyən akademik Ə.Əmiraslanov  qeyd etdi ki, demoqrafik statistikaya görə, Azərbaycanda əhali arasında yaşı 65-dən yuxarı olan insanların çəkisi günü-gündən artır.  

Alim bildirdi ki, həyat keyfiyyətinin yaxşılaşdırılması və aktiv uzunömürlülüyə yönəlmiş, o cümlədən müasir texnologiyalardan istifadə nəticəsində yaşla bağlı meydana gələn xəstəliklərin profilaktikası və müalicəsini nəzərdə tutan dövlət proqramlarının hazırlanması zəruridir. Akademik AMEA rəhbərliyi və ölkənin tibb ictimaiyyətinin dəstəyi ilə cari ilin əvvəlində yaradılan Azərbaycan Herontoloji Cəmiyyətinin qarşısında bu istiqamətdə mühüm vəzifələrin dayandığını dedi.

Sonra çıxış edən AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova yeni məktəbin fəaliyyətə başlamasının əhəmiyyətindən danışdı. Bu təhsil müəssisəsini herentologiya sahəsində çalışan təşkilatların nümayəndələrini bir araya gətirmək, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün səyləri birləşdirmək və mövcud problemləri müzakirə etmək baxımından yüksək qiymətləndirərək, məktəbin ölkə üçün faydalı nəticələr vərəcəyinə əminliyini ifadə etdi. 

Daha sonra BMT Malta Beynəlxalq Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza “Sosial herontologiyada əsas anlayışlar”, Avstriyanın Sosial təminat sahəsində Avropa siyasət və tədqiqat Mərkəzinin baş məsləhətçisi Aleksandr Sidorenko “Müstəqil Dövlətlər Birliyində əsas demoqrafik meyillər”, Rusiyanın İPK FMBA-nın terapiya, geriatriya və yaşlanma əleyhinə tibb kafedrasının müdiri, “Gerontologiya” elmi-tədqiqat tibb mərkəzi olan muxtar qeyri-kommersiya təşkilatının direktorunun birinci müavini, tibb üzrə elmlər doktoru, professor Andrey İlnitskiy “Müasir dünyada qocalma: insanlar nəyi bilməlidir” mövzularında məruzələrlə çıxış etdilər, yeni məktəbə gələcək fəaliyyətində uğurlar arzuladılar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.