www.science.az
14.11.2017 15:30

AMEA-nın Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Aliyə Rzayevanın “Naxçıvan kimyaçıları” kitabının və həmin institutun Sorbsiya prosesləri laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Mahnur Cəfərovanın “Diaion CR-11, Dowex M-4195, KU-2x8 və KB-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+ -ionlarının sorbsiyası” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Bölmənin Elektron Kitabxanasında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək Naxçıvan alimlərinin kimya elminin inkişafındakı xidmətlərindən danışıb. Alim “Naxçıvan kimyaçıları” adlı kitabda AMEA-nın həqiqi və müxbir üzvləri, həmçinin kimya elmləri və fəlsəfə doktorları haqqında məlumatların əksini tapdığını bildirib.

M.Cəfərovanın müəllifi olduğu monoqrafiyadan da bəhs edən Əliəddin Abbasov bildirib ki, kitabda öyrənilən proseslərin sorbsiya əyriləri çəkilib, məlum nəzəri modellər əsasında onların riyazi işlənməsi gerçəkləşdirilib, bütün hallarda sorbsiya proseslərinin ionit səthində monomolekulyar təbəqənin yaranması ilə bağlı tədqiqatçının elmi fikirləri irəli sürülüb.

Tədbirdə institutun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədovanın “Naxçıvanlı kimyaçılara həsr olunmuş əsər” və Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynovun “İonit və ionlara həsr olunmuş yeni əsər” mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.