Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işə başlayıb
16.11.2017 14:01
  • A-
  • A
  • A+

Akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işə başlayıb

Noyabrın 16-da Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Rəfiqə  Əliyevanın 85 illik yubileyinə həsr olunan “Koordinasion birləşmələr kimyası: analitik kimyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə kimya elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, ömrünün böyük hissəsini Bakı Dövlət Universitetində ixtisaslı kadrların hazırlanmasına sərf etmiş R.Əliyeva böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşüb.

Alimin elmi məktəb yaratdığını, bütün mənalı ömrünü kimya elminə həsr etdiyini vurğulayan rektor qeyd edib ki, Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Onun ekologiyanın aktual problemləri ilə bağlı işləri  ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.

Akademik A.Məhərrəmov qeyd edib ki, görkəmli alimin rəhbərliyi ilə analitik kimyanın nəzəri və tətbiqi məsələlərinə həsr olunmuş iki doktorluq və iyirmi namizədlik dissertasiyası müdafiə edilib. O, 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifi idi. 

Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, akademik Valeri Lunin, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aslan Çeladze, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək Rəfiqə Əliyevanın zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

Daha sonra bölmə iclasları başlayıb. Beş bölmə iclasında 11 ölkədən gəlmiş iştirakçılar tərəfindən 182 elmi məruzə dinləniləcək.

Konfrans işini 18 noyabr tarixinədək davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: