Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.11.2017 10:25
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub

Şamaxı Astrofizika Rəsədxanasında Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) görkəmli alim və hərbi xadim, kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, AMEA-nın fəxri üzvü, “Şöhrət” ordenli, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və Rusiyanın tanınmış kosmonavtı Oleq Kotov iştirak ediblər.

Konfransda ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teles­kopları və hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barədə geniş məlumat verib. Alim qeyd edib ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem - ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi və Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. N.Cəlilov rəsədxanada, həmçinin nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı və digər istiqamətlər üzrə də araşdırmalar aparıldığını bildirib.

Sonra “Rusiyanın pilotlaşdırılmış kosmonavtikasının inkişafı üçün perspektiv proqram” mövzusunda təqdimatla çıxış edən rusiyalı kosmonavt O.Kotov pilotlaşdırılmış kosmik aparatların köməyi ilə kosmik məkanın tədqiqi və öyrənilməsi sahəsində şəxsi təcrübəsindən danışıb.

Daha sonra rəsədxananın böyük elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Bəhram Quluzadə “Kosmonavtika və Azərbaycan” adlı məruzə ilə çıxış edib. Alim məruzəsində Kərim Kərimovun kosmik aparatların və süni peyklərin yaradılmasında, həmçinin kosmik raket texnikasının inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlərindən danışıb.

Sonda rusiyalı kosmonavt O.Kotov tədbir iştirakçılarının suallarını cavablandırıb, xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: