Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

22.11.2017 10:18
  • A-
  • A
  • A+

Bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub

Bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub

Sofiyada AMEA-nın, Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək arxeoloji abidələrlə zəngin olan Azərbaycan ərazisinin sivilizasiyanın qədim beşiklərindən biri olduğunu söyləyib. O, Müxtəlif etnik və dini qruplara mənsub nümayəndələrin müasir Azərbaycan ərazisində hələ Qafqaz Albaniyası dövründə birgə yaşadığını və bu qədim dövlətin eramızdan əvvəl IV əsrdən eramızın 705-ci ilinədək mövcud olduğunu bildirib. 

Səfir bolqar dilində Azərbaycan tarixi barədə ilk fundamental əsər olan “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabını bolqar dilinə tərcümə etmiş Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enevə təşəkkürünü bildirib.

Sonra Bolqarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Blaqovest Nyaqulov  Qara dəniz vasitəsilə bölünən Balkan və Qafqaz regionları arasında tarixi oxşarlıqların – yerli əhalinin etnik və dini tərkibinin müxtəlifliyi, müsəlman və xristian əhalinin sülh şəraitində birgəyaşayışı barədə danışıb. Alim iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində belə bir kitabın təqdimatının keçirilməsinin bolqar oxucuları və tarixçiləri üçün əlamətdar olduğunu qeyd edib.

Mərasimdə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanda hələ 5000 il bundan əvvəl yaranmış ilk dövlətlər, 237 il hökmranlıq etmiş Səfəvilər İmperiyası, müsəlman Şərqində ilk demokratik respublika olan AXC, İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində mühüm rol oynamış Bakı nefti və s. barədə məlumat verib. Bildirib ki, müsəlman Şərqində ilk opera və operettanın əsası da məhz Azərbaycanda qoyulub. 

Azərbaycan tarixi barədə Avropa oxucusuna müfəssəl məlumat verən əsərin əhəmiyyətindən bəhs edən Y.Mahmudov qeyd edib ki, kitab Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. O, həmçinin I Pyotrun göstərişi ilə ermənilərin Qafqaza köçürülməsi, İrəvan quberniyasının yaradılması, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və s. barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Azərbaycanın Bolqarıstanla münasibətlərinə toxunan Y.Mahmudov iki ölkə arasında tarixən mövcud olmuş dostluq əlaqələrindən də bəhs edib. 

Kitabın tərcüməçisi T.Enev nəşrdə ermənilərin Qafqaza köçürülməsinin faktlarla sübut olunduğunu, onların törətdiyi cinayətlərin oxucuya təqdim edildiyini söyləyib. Bildirib ki, əgər erməni siyasətçilər öz fantasmaqoriyalarından, tarixin saxtalaşdırılmasından əl çəksələr və azərbaycanlı həmkarlarına əl uzatsalar mehriban qonşular kimi müharibəsiz və qurbansız yaşaya bilərlər.

Sonda çıxış edən kitabın redaktoru Solmaz Süleymanova nəşrin bolqar dilinə tərcümə edilməsinin tarixi barədə məlumat verib. O, kitabın bolqar xalqına həqiqi Azərbaycan tarixini öyrənməyə imkan yaratdığını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: