Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

22.11.2017 17:29
  • A-
  • A
  • A+

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək alimin bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə sərf etdiyini deyib. Bildirib ki, o, intellekti, dərin düşüncəsi ilə müsəlman Şərqinin müdrikliyini özündə birləşdirərək İslam dininin, dəyərlərinin təbliğində və düzgün yozulmasında böyük xidmətlər göstərib: "Sovet hakimiyyəti dövründə keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycanda da ateizm siyasəti nəticəsində bir sıra adət-ənənələrimiz yasaq edilib. Lakin xalqımız Vasim Məmmədəliyev kimi böyük alimlərdən nümunə götürərək Allah sevgisini müqəddəs əmanət kimi qoruyub saxlayıb, onu nəsildən-nəslə ötürüb".

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli alimin Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə elmi kadrların hazırlanmasında müstəsna xidmətlərindən danışıb. O, Vasim Məmmədəliyevin universal dünyagörüşü və çoxcəhətli elmi-pedaqoji fəaliyyəti ilə digər alimlərdən fərqləndiyini qeyd edib. Akademik Vasim Məmmədəliyevin ərəb dilçiliyi ilə bağlı əsərlərinin keçmiş sovetlər məkanında elmi hadisə səviyyəsində qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki, alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunur.

AMEA-nın rəhbəri 1991-ci ildə “Qurani-Kərim”in mərhum akademik Ziya Bünyadov və akademik V.Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcüməsinin ölkəmizin və bütövlükdə İslam dünyasının elmi-mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb.

Konfransda “Mənalı alim ömrü” mövzusunda məruzə ilə çıxış edən BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov görkəmli alimin həyat və zəngin elmi fəaliyyətindən geniş bəhs edib, onun İslam dininə verdiyi töhfələrdən danışıb.

Tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, millət vəkili Ziyad Səmədzadə, akademik Teymur Bünyadov və digərləri çıxış edərək yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Daha sonra Abel Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın yubilyara ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonda çıxış edən akademik V.Məmmədəliyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: