Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ulu Öndərin “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciəti xalqımızı böyük intibaha səsləyir
27.11.2017 15:12
  • A-
  • A
  • A+

Ulu Öndərin “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciəti xalqımızı böyük intibaha səsləyir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının təqdimatı keçirilib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli gənc nəslin vətənpərvərlik, tarixi kökə bağlılıq ruhunda tərbiyə edilməsində sərəncamın əhəmiyyətindən bəhs edib.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının məziyyətlərindən danışan alim bildirib ki, bu nəşr xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir. Kitabda tariximizin bütün dövrləri təhlil olunur.  

Qeyd olunub ki, nəşrdə Azərbaycan tarixinin keçdiyi tarixi yola dərindən nəzər salınır, tarixi proseslərə, hadisələrə obyektiv qiymət verilir, elmi-nəzəri təhlil aparılır. Ümummilli lider Heydər Əliyevin müraciətini Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirən tarixçi alim bildirib ki, həmin müraciət gənc nəsillər üçün mühüm tarixdir və bu tarix gələcək nəsillər tərəfindən daim öyrəniləcək, tədqiq olunacaqdır.

Tədbirdə institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev və böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov çıxış edərək kitabın bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə etdiyini vurğulayıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: