Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Fransada ikiillik elmi ezamiyyətdə olub
01.12.2017 10:57
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Fransada ikiillik elmi ezamiyyətdə olub

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rəhimov iki il müddətinə Fransanın Marsel şəhərində Eks-Marsel Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda ezamiyyətdə olub.

Tərs məsələlərin ədədi həlli istiqamətində elmi-tədqiqat işi aparmaq məqsədilə Fransaya ezam olunan Anar Rəhimov Frenel İnstitutunun HIPE şöbəsinin müdiri, professor A.Litmanın rəhbərliyi ilə "İnsan beyninin mikrodalğalı dəqiq təsviri üçün tərs məsələlərin yeni ədədi həll üsullarının işlənməsi" mövzusunda araşdırma aparıb. Alimin Frenel Elmi-Tədqiqat İnstitutunda əldə etdiyi nəticələrin bir hissəsi "Thomson Reuters" agentliyinin Science Citation Index siyahısına daxil olan və tərs məsələlər sahəsində ən yüksək 1.620 impakt faktoruna malik beynəlxalq "Inverse Problems" jurnalında dərc olunub. "Kvazi-Nyuton yanaşması ilə elektrik xüsusiyyətlərinin Maqnit Rezonans Tomoqrafiyası" ("MRI-based electric properties tomography with a quasi-Newton approach") adlı 24 səhifəlik məqalə isə A.Rəhimov və fransız alimləri – A.Litmanla G.Ferrandın həmmüəllifliyi ilə çap edilib.

Məqalə Maqnit Rezonans Tomoqrafiyası (MRT) ölçmələrindən istifadə etməklə insan beyninin elektromaqnit xüsusiyyətlərini yüksək dəqiqliklə əldə etmək üçün ədədi üsul və alqoritmlərin işlənməsinə həsr olunub. Düz və tərs məsələlər üçün MRT problematikası ilə Mikrodalğalı görüntü alqoritmlərinin xüsusiyyətlərini adekvat şəkildə birləşdirən instrumental simulyasiya proqram vasitələri işlənib. Başlanğıc yaxınlaşma, mənbə və ölçmələrin sayının, siqnal-küy nisbətinin və a-priori informasiya əsasında requlyarlaşdırma strategiyasının ədədi nəticələrin dəqiqliyinə təsirini öyrənib. Alınan nəticələr beyin tomoqrafiyası kimi tibbi tətbiqlər, yumşaq toxuma xəstəliklərinin diaqnostikası üçün praktiki əhəmiyyət kəsb edir.

Elektrik xüsusiyyətlərinin MRT-si yalnız insan bədəninin anatomik və funksional deyil, onun elektromaqnit xüsusiyyətlərinin yüksək dəqiqlikli kəmiyyət təsvirini əldə etmək üçün də tətbiq oluna bilər. Bu yanaşma dielektriklik əmsalının böyük variasiyasını yaradan patologiya sahəsində diaqnostikada faydalı ola bilər. Misal üçün, xərçəngə yoluxmuş toxumalar geniş elektromaqnit tezlikli spektrdə sağlam toxumalarla müqayisədə müxtəlif elektromaqnetik qiymətlərə malikdir. Bundan başqa, xərçəngə yoluxmuş toxumaların bir çoxunda keçiriciliyin qiymətinin artması müşahidə olunur. Məlumdur ki, iflic, qanaxma, hidropos, iltihab və s. xəstəliklər toxumanın məlum elektromaqnetik xüsusiyyətlərinə təsir edir. MRT, həmçinin yüksək və ultra-yüksək maqnit sahəsində meydana gələ bilən Xüsusi Udulma Əmsalının qiymətini daha dəqiq və qabaqcadan fərdiləşdirilmiş formada hesablamağa imkan verir. Beləliklə, kompleks dielektriklik əmsalının dəqiq bərpası üsullarının işlənməsi tibbi diaqnostikada mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, gələcəkdə Eks-Marsel Universiteti və Frenel İnstitutunun alimləri ilə birgə bu tip tərs məsələləri üç ölçülü (3D) konfiqurasiyada tədqiq etmək nəzərdə tutulur.

Bundan başqa, o, elmi-tədqiqat müddətində parabolik və hiperbolik tip tənliklər üçün qeyri-lokal tərs məsələlərin tədqiqi və ədədi həll üsullarının işlənməsi ilə məşğul olub.

Ezamiyyət müddətində A.Rəhimov tərəfindən 22 elmi əsər nəşr edilib. Onlardan 5-i "Thomson Reuters" agentliyinin Science Citation Index impakt faktorlu jurnallarında olmaqla, alimin 9 məqaləsi və 13 konfrans materialı dərc edilib. Xarici jurnalların rəyçisi olan azərbaycanlı alim bir sıra beynəlxalq elmi jurnalla əməkdaşlıq edib, konfrans, simpozium və yay məktəblərində iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: