www.science.az
05.12.2017 11:31

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike Freyberqanın yubileyi qeyd olunub

Riqa Latış Cəmiyyəti Evində Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike Freyberqanın 80 illik yubileyi münasibətilə mərasim təşkil olunub.

Latviyanın görkəmli ictimai-siyasi və dövlət xadimlərinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyinin nümayəndələri Rövşən Muradov və Rza Əliyev təmsil ediblər.

Mərasimdə səfir C.Axundov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubilyara ünvanlandığı təbrik məktubunu oxuyub.

Azərbaycanın dövlət başçısı təbrik məktubunda ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin dərinləşməsində və inkişafında V.V.Freyberqanın və ümummilli lider Heydər Əliyevin mühüm rolunu vurğulayıb. V.V.Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri vəzifəsində çalışdığı dövrdə mərkəzin nüfuzlu ictimai təşkilata çevrilməsində, dünyanın müxtəlif ölkələrinin siyasi elitası və beynəlxalq strukturları ilə əlaqələrin gücləndirilməsində də danılmaz rolu qeyd olunub.

Prezident İlham Əliyev yubilyara möhkəm cansağlığı, uğurlar, Latviya dövlətinə sülh və firavanlıq arzulayıb.

Qeyd edək ki, 2015-ci il aprelin 29-da keçirilmiş AMEA-nın Ümumi illik yığıncağında Vayra Vike Freyberqan AMEA-nın qərarı ilə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. O, Azərbaycan-Latviya əlaqələrinin inkişafında, eləcə də Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin geniş miqyasda dünyaya çatdırılması, xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunması istiqamətində xidmətlərinə görə bu medalla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.