Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurası Qubada Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirib

AMEA Gənc Alim və Mütəxəssislər Şurası Qubada Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirib

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri Qubada 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirib.

Öncə gənc alimlər Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsini yad ediblər.

Qubadakı Heydər Əliyev Mərkəzində keçirilmiş tədbiri giriş sözü ilə rayonun Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalıyev açıb. M.Nöhbalıyev 1918-ci il erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və onun acı nəticələrindən danışıb.

Tədbirdə çıxış edən Şuranın sədri, fizika-riyaziyyat elmləri namizədi Famin Salmanov 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırıma öz münasibətini bildirib: “Quba kütləvi məzarlığındakı qətlə yetirilmiş vədəndaşlarımız, əslində, bir əsrin sirlərini özündə yaşadan və bizi tariximizə qovuşduran həqiqətlərimizdir. Bu həqiqətləri üzə çıxarmaq, dünyada ictimailəşdirmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bu təşəbbüsdə gənc nəslin nümayyəndələri kimi bizim məsuliyyətimiz daha çox, yükümüz daha ağırdır”.

AMEA Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıbov 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi soyqırım haqqında ətraflı məlumat verib.

Daha sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəhilə Həsənova ermənilər tərəfindən törədilmiş bütün soyqırımların dünya ictimaiyyətinə çatdırılması üçün İnternetdə müxtəlif dillərdə xəbər və faktların yayılmasının vacibliyini qeyd edib. O, bu məlumatların virtual məkanda geniş təbliğatının aparılmasında tarixçi və İKT mütəxəssislərinin birgə səylərinin məqsədəuyğunluğunu bildirib.

Tədbirdə AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aqil Əhmədov, Quba rayon Gənclər Mərkəzinin rəhbəri Rəşxəndə Bayramova və başqaları da çıxış edərək soyqırım hadisələrinə beynəlxalq miqyasda tarixi və hüquqi-siyasi qiymətin verilməsinin vacibliyindən danışıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Quba Rayon Gənclər Mərkəzi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: