www.science.az
07.12.2017 11:34

AMEA-nın müxbir üzvü Əli Nuriyevin “Davamlı və tarazlı regional inkişaf” adlı kitabı çapdan çıxıb

AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin “Davamlı və tarazlı regional inkişaf” adlı kitabı çapdan çıxıb.

Kitabda ilk dəfə olaraq davamlı və tarazlı regional inkişafın nəzəri-metodoloji məsələləri Azərbaycan şəraitinə tətbiq edilməklə kompleks təhlil edilib və ümumiləşdirilib. Prezident İlham Əliyevin müasir dövrdə yeritdiyi sosial-iqtisadi inkişaf siyasətini və respublikanın yerli şəraitini nəzərə almaqla davamlı və tarazlı inkişafın prioritetləri müəyyənləşdirilib, regionların davamlı inkişafı və istehsal potensialının artırılması istiqamətləri göstərilib.

Bundan əlavə, yeni nəşrdə aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin (üzümçülük, şərabçılıq, baramaçılıq, ipəkçilik, fındıq, zəfəran, zeytun, pambıq istehsalı və emalı, çayçılıq, çay emalı, tütün istehsalı və emalı) inkişafı sahəsində tarixən toplanmış qabaqcıl təcrübədən yeni dövrün və şəraitin tələblərinə uyğun istifadə olunması məsələsi irəliyə doğru davamlı iqtisadi inkişafın və regionların tarazlı inkişafının təkzib olunmaz şərtlərindən biri kimi irəli sürülür.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru, professor Rəna Sultanova, rəyçiləri professorlar İsa Alıyev, Tərbiz Əliyev və  a.e.ü.f.d., dosent İbrahimxəlil İbrahimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.