www.science.az
20.12.2017 10:17

Polutəpə qədim yaşayış yerindən əldə edilən tapıntıların kameral tədqiqi aparılır

Cari ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Cəlilabad rayonunun Üçtəpə kəndindəki Polutəpə qədim yaşayış məskənində çöl tədqiqatları zamanı aşkar edilən tapıntıların kameral araşdırmaları davam edir.

İnstitutun aparıcı elmi işçisi, Polutəpə ekspedisiyasının rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundovun sözlərinə görə, hazırda məskənin yeni tədqiq edilmiş sahələrinin planı tərtib edilir, qədim əhalinin istifadə etdiyi tikinti üslubunun xüsusiyyətləri müəyyənləşdirilir.

T.Axundov əldə edilən tapıntıların, əsasən daşdan və sümükdən olan alətlərin, keramik məmulatların təsnifatının aparıldığını, onların qrafik və foto təsvirlərinin yaradıldığını söyləyib: "Digər tərəfdən Azərbaycan ərazisində və qonşu regionlarda həmdövr abidələrdən aşkar olunmuş tapıntılarla fərqli cəhətlərin və ya birbaşa analogiyaların müəyyən edilməsi üzrə araşdırmalar davam edir. Eyni zamanda bir sıra materiallar paleobioloji, palinoloji və digər analizlər üçün aidiyyatı laboratoriyalara təqdim olunub".

Qeyd edək ki, bu ilin çöl tədqiqatları dövründə Polutəpə qədim yaşayış məskəninin tədqiqat ərazisi genişləndirilib, tədqiqat nəticəsində neolit-xalkolit təbəqəsinin qalınlığı dəqiqləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.