www.science.az
20.12.2017 10:55

Azərbaycan incəsənətinə dəyərli töhfələr vermiş Ömər Eldarovun 90 yaşı tamam olur

Dekabr ayının 21-də görkəmli heykəltəraş-alim, Xalq rəssamı, "İstiqlal" və "Şərəf" ordenləri laureatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru,  akademik Ömər Eldarovun 90 yaşı tamam olur.

Ömər Həsən oğlu Eldarov 21 dekabr 1927-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olub. O, 1942-1945-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbinin Heykəltəraşlıq bölməsində, 1945-1951-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Heykəltəraşlıq fakültəsində təhsil alıb.

Görkəmli sənətkar 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin fəal iştirakçısıdır. Onun yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında Bakı şəhərində ucaldılmış şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə Əliyevanın, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün, məşhur mühəndis Nikola Teslanın, maestro Niyazinin heykəllərini, bəstəkar Üzeyir Hacıbəylinin, rəssam Əzim Əzimzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun, müğənni Rəşid Behbudovun, akademik Həsən Əliyevin, yazıçı Yusif Səmədoğlunun və başqalarının qəbirüstü abidələrini göstərmək olar.

Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qəbildən olan “Qızım Lalənin portreti”, “Oğlum Müslümün portreti”, “Analıq”, “İlin dörd fəsli”, “Bacılar” əsərləri, şair Nasiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Fəxri Xiyabandakı Xatirə Kompleksi və Türkiyənin Qars şəhərindəki heykəli görkəmli həlkəltəraşın yaradıcılığında xüsusi yer tutur.

Ömər Eldarovun yaratdığı heykəllər təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində milli incəsənətimizi yüksək səviyyədə təmsil edir. Vyananın Donau-parkında Üzeyir Hacıbəylinin büstü, Cənubi Koreyanın açıq səma altındakı məşhur muzeyində “Parçalanmış vətən” büstü, Düşənbə şəhərindəki İbn Sina və Sədrəddin Ayninin büstləri, Sevastopoldakı Sapun-dağda 77-ci Azərbaycan diviziyası döyüşçülərinin şərəfinə qoyulmuş Xatirə Kompleksi, Ankaranın Bilkənd Universitetində ucaldılmış professor İhsan Doğramacının büstü, Mahaçqala şəhərində görkəmli alim Əziz Əliyevin büstü tanınmış heykəltəraşın sənətinin milliliklə yanaşı, bəşəriliyini bir daha isbat etməkdədir.

1970-ci ildə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilən sənətkarın təsviri sənət sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsində böyük əməyi olub. Məşhur heykəltəraş tərəfindən artıq uzun illərdir ki, respublikamızda peşəkar rəssam və heykəltəraşlıq məktəbi formalaşıb. 2000-ci ildən bugünədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsində çalışan alim bir pedaqoq kimi tələbə və magistrlərin təkcə peşəkar bacarıq və vərdişlərə deyil, eyni zamanda humanitar biliklərə yiyələnməsinə xüsusi diqqət ayırır.

Ömər Eldarov məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. Bakı Sovetinin (1969-1973) və müstəqil Azərbaycan Respublikası Milli Məclisinin (1995-2000) deputatı seçildiyi illərdə öz vəzifəsinin öhdəsindən layiqincə gəlib. O, SSRİ Rəssamlar İttifaqının üzvü (1953), Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyəti Katibliyinin üzvü (1956-1968), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1967), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1988), Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2007) seçilib. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

Akademik Ömər Eldarovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, SSRİ (1980) və Azərbaycan Respublikasının (1982) Dövlət mükafatı laureatı olub, “Şərəf nişanı” (1959), “Qırmızı Əmək Bayrağı” (1986), “Şərəf” (2012), “İstiqlal” (1997) ordenləri ilə təltif edilib, Heydər Əliyev Mükafatına (2009) layiq görülüb. 2014-cü ildə “Birliyin ulduzları – 2014” mükafatını alan sənətkar elə həmin il Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli mükafatı ilə təltif edilib. 2015-ci ildə Bakı şəhərində keçirilmiş Avropa Oyunlarının məşəli məhz Ömər Eldarov tərəfindən Heydər Əliyev Mərkəzinə gətirilib.

Görkəmli heykəltəraş alimi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.