Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Ucarda riyaziyyatçı alim Nadir Süleymanovun 85 illik yubileyi qeyd olunub
25.12.2017 10:05
  • A-
  • A
  • A+

Ucarda riyaziyyatçı alim Nadir Süleymanovun 85 illik yubileyi qeyd olunub

Dekabrın 23-də Ucarda funksional analiz, diferensial tənliklər və ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru Nadir Süleymanovun 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Ucar rayon İcra Hakimiyyəti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkil etdiyi mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov yubilyarın mənalı həyat yolundan, zəngin elmi yaradıcılığından danışıb.

Qeyd edilib ki, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olan Nadir Süleymanov “İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda yazdığı diplom işinə görə SSRİ Ali təhsil nazirinin birinci mükafatı və fəxri fərmanına layiq görülüb. O, 1956-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1962-ci ildə Moskva Dövlət Universitetində tanınmış riyaziyyatçı, professor Qeorqi Şilovun elmi rəhbərliyi ilə “Diferensial-operator tənliklər üçün yarım fəzada korrekt sərhəd məsələləri” mövzusunda namizədlik, 1982-ci ildə isə “Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Bildirilib ki, alim elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1970-1975-ci illərdə Bakı Dövlət Universitetində dosent, 1984-1990-cı illərdə bu universitetin professoru, “Ehtimal nəzəriyyəsi” kafedrasının müdiri, daha sonra isə “Funksional analiz” kafedrasında professor vəzifələrində çalışıb. 2014-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisidir. 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nadir Süleymanova “Azərbaycanın Əməkdar müəllimi” fəxri adı verilib.

Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, institutun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Bakı Dövlət Universitetinin professoru, politoloq Məcid Əfəndiyev və başqaları alimin elmi və pedaqoji fəaliyyətindən, mütəxəssis və kadr yetişdirmək sahəsində gördüyü işlərdən söz açıblar.

Sonda çıxış edən yubilyar haqqında deyilən xoş sözlərə və yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: