www.science.az
27.12.2017 14:43

AMEA-da görkəmli etnoqraf alim Arif Abbasovun 80 illiyinə həsr olunan elmi sessiya keçirilib

Dekabrın 27-də AMEA-nın Əsas binasında Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktoru olmuş görkəmli alim, AMEA-nın müxbir üzvü Arif Abbasovun anadan olmasının 80 illik yubileyinə həsr olunan “Azərbaycanda 2017-ci ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli mərhum alimin arxeologiya və etnoqrafiya elminin inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradıcısı olan Arif Abbasov xarici ölkələrdə keçirilən mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil edib. O, Azərbaycan elminin dünyada təbliği istiqamətində səylə çalışıb. Mərhum alimin apardığı tədqiqat işləri bu gün də aktualdır.

Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın “Arif Abbasov - Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktoru” mövzusunda məruzəsi dinlənilib. O, Arif Abbasovun həyatı, elmi tədqiqatları, Azərbaycanda arxeologiya və etnoqrafiya elminin müstəqillik dövründə dünya çağırışlarına cavab verəcək dərəcədə inkişafı və trasnformasiyasında rolundan söz açıb. Vurğulanıb ki, Azərbaycanda elmin inkişafına diqqət ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin prioritetlərindən olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov, tarix elmləri doktoru Əsədulla Cəfərov, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli  və başqaları görkəmli alim Arif Abbasovun Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.