Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Kimyaçı alimin 70 yaşı tamam olur
29.12.2017 09:54
  • A-
  • A
  • A+

Kimyaçı alimin 70 yaşı tamam olur

Yanvar ayının 1-də respublikada neft kimyası və kimyəvi kataliz sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanovun 70 yaşı tamam olur.

Hafiz Əlimərdanov 1948-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitunun aspiranturasına daxil olub.

O, 1975-ci ildə “Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə “Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 2005-ci ildə professor elmi adını alıb. 2014- cü ildə AMEA- nın müxbir üzvü seçilib.

H.Əlimərdənovun elmi fəaliyyətinin əsas istiqamətini alitsiklik karbohidrogenlərin və onların funksional törəmələrinin müxtəlif çevrilmələrinin elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, ilk dəfə olaraq naften karbohidrogenlərinin alitsiklik doymamış karbohidrogenlərə katalitik və oksidləşdirici dehidrogenləşdirilməsi, dehidrodisproporsiallaşması, aşağı molekul kütləli spirtlərlə dehidroalkilləşməsi proseslərinin polivalent metallar, təbii və sintetik seolitlər əsasında hazırlanmış katalizatorların iştirakı ilə yüksək seçiciliklə aparılmasının mümkünlüyünü müəyyən edib. Alim, həmçinin alitsiklik doymamış karbohidrogenlərin izomerləşməsi, alkilləşməsi, induktiv oksidləşdirilməsi, inisiatorların iştirakı ilə aşağı molekul kütləli ketonlara ilk dəfə olaraq bir sıra laktonların və spiroasetalların orijinal alınma üsullarını işləyib hazırlayıb və sənaye miqyasında tətbiq olunmasına nail olub.

Kimyaçı alim 330 elmi əsərin, o cümlədən 32 müəlliflik şəhadətnaməsi və patentin, 3 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir. O, sənayedə tətbiq olunmuş ixtirasına görə “SSRİ ixtiraçısı” döş nişanı ilə təltif olunub.

Onun rəhbərliyi ilə 4 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlanıb.

H.Əlimərdanov Ali Attestasiya Komissiyası nəzdində Kimyadan Ekspert Şurasının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində Kimyadan Ekspert Şurasının və seminarının, AMEA NKPİ-nin Elmi Şurasının, AMEA Neft kimyasından Koordinasiya Şurasının, “Neft kimyası və neft emalı prosesləri” və “Azərbaycan Kimya jurnalı” jurnallarının redaksiya heyətinin üzvüdür.

Alim Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “Fəxri Fərman”ları ilə təltif olunub.

Kimyaçı alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: