Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Riyaziyyat sahəsində ən nüfuzlu mükafat
09.01.2018 14:43
  • A-
  • A
  • A+

Riyaziyyat sahəsində ən nüfuzlu mükafat

Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildən bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır.

Mükafat 1924-cü ildə Kanadanın Toronto şəhərində keçirilən I Beynəlxalq Riyaziyyat Konqresinin prezidenti, Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılıb. O, hər növbəti konqresdə 2 riyaziyyatçının öz xidmətlərinə görə qızıl medalla mükafatlandırılmasını təklif edib. 14 karatlıq qızıldan hazırlanan mükafatın məbləği 15 000 Kanada dollarıdır.

Bu medal riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan biri hesab olunur. Filds mükafatına, eyni zamanda riyaziyyatçılara verilən Abel mükafatına bəzən “riyaziyyatçıların Nobel mükafatı” deyirlər.

Filds medalı ilk dəfə 1936-cı ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilən X konqresdə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilib. Bundan sonra, İkinci dünya müharibəsinə görə, növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan etibarən mütəmadi olaraq hər dörd ildən bir təqdim olunmağa başlanmışdır. Bu medal üzrə ən gənc laureat isə fransalı riyaziyyatçı Jan Pyer Serrdir.

2014-cü ildə Artus Avila bu mükafatı alan ilk braziliyalı alim olub. Eyni ildə Məryəm Mirzəxani bu mükafata layiq görülən ilk qadın və eyni zamanda, ilk İran əsilli riyaziyyatçı olub.

Növbəti Filds mükafatının bu ilin avqust ayında öz sahiblərinə təqdim edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: