Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2018 11:25
  • A-
  • A
  • A+

AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbir çərçivəsində 20 Yanvar Fondunun direktoru Şövqi Bünyadovun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunmuş "20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu" adlı kitabı da təqdim edilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışıb. O, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridildiyini və nəticədə 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını və 841 nəfərin qanunsuz həbs olunduğunu bildirib. F.Salmanov şəhidlər sırasında AMEA-nın Polimer Materialları və Riyaziyyat və Mexanika institutlarının əməkdaşlarının da olduğunu vurğulayıb.  

O, bu qanlı hadisəyə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyevin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi yığıncaqda verdiyini və faciəni törədənləri kəskin şəkildə tənqid etdiyini deyib.

Azərbaycanın geosiyasi cəhətdən mürəkkəb coğrafi regionda yerləşdiyini deyən F.Salmanov baş verən hadisələrin xalqın mübarizə əzmini sındıra bilmədiyini, milli iradə sayəsində ölkəmizin yenidən müstəqillik əldə etdiyini bildirib.

GAMŞ sədri bu gün çağdaş Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi cəhətdən önəmli gücə malik olduğunu qeyd edib və 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusu üzərində əldə edilən qələbənin bunun bariz nümunəsi olduğunu söyləyib.

Sonra Şövqi Bünyadov çıxış edərək müəllifi olduğu kitab barədə tədbir iştirakçılarına məlumat verib. O, nəşrin ən yeni dövr Azərbaycan tarixinin iki önəmli hadisəsinə - 20 Yanvar faciəsinə və 2016-cı il aprel döyüşlərinin təhlilinə həsr edildiyini bildirib. Qeyd edib ki, kitabda iki hadisə arasında müqayisələr aparılıb, lider-millət vəhdətinin əhəmiyyəti araşdırılıb. Ş.Bünyadov, həmçinin nəşrdə ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq hadisələrlə bağlı bəyanatlarının, çıxışlarının, əmr və fərmanlarının təqdim edildiyini söyləyib.

Tədbirdə, həmçinin Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev və digərləri çıxış edərək 20 Yanvar faciəsinin baş verdiyi ərəfədə ölkəmizdə gedən siyasi proseslər, habelə hadisələrə verilən hüquqi qiymət barədə danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: