Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.01.2018 09:24
  • A-
  • A
  • A+

Goranboy ərazisində aşkar edilmiş Kərpiclitəpə abidəsində tədqiqat işləri aparılır

Goranboy ərazisində aşkar edilmiş Kərpiclitəpə abidəsində tədqiqat işləri aparılır

Ötən il “Şahdəniz Mərhələ 2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisindəki Kərpiclitəpə adlı yerdə tarixi əhəmiyyətli abidə aşkar edilib.

Abidə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərlik etdiyi qrup tərəfindən tapılıb. Hazırda ərazidə çöl-tədqiqat işlərinin rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun başçılığı altında qazıntılar davam etdirilir.

Kərpiclitəpə abidəsi Borsunlu kəndindən təxminən 1,5 km cənub-şərqdə yerləşir. Ötən il aparılmış qazıntılar zamanı iki tikinti horizontu qeydə alınıb. Birinci horizontda əsasən çay daşlarından hörülmüş divar qalıqları, gildən hazırlanmış təndirlər və qızdırıcı sobalar, 2 quraşdırma təndirləri, həmçinin su quyusu aşkar edilib. İkinci horizontda isə şərti olaraq “qəsr” adlandırılan böyük bir tikilinin bir hissəsi, kərpic və keramika bişirildiyi böyük bir soba, çoxsaylı bütöv və quraşdırılma təndirlər, ocaqlar, su və təsərrüfat quyuları aşkarlanıb. “Qəsr”in divarları bişmiş kərpicdən və çay daşından, soba isə çiy kərpicdən hörülüb.

Qazıntılar zamanı çoxlu sayda şirli və şirsiz saxsı qablar və onların fraqmentləri, müxtəlif heyvan sümükləri, mis sikkələr, şüşə qab və qolbaq fraqmentləri, gil və pasta muncuqlar, dəmir və sümükdən hazırlanmış məmulatların detalları və daş əmək alətləri tapılıb.

Aşkar edilmiş tikili qalıqları, saxsı qablar və numizmatik materiallar bu abidənin orta əsrlərin inkişafı dövrünə, daha dəqiq desək, X əsrin sonları - XIII əsrin əvvəllərinə aid olduğunu göstərir. Tikili qalıqlarında tətbiq olunan memarlıq üslubları, olduqca nəfis hazırlanmış keramika nümunələrinin bolluğu və külli miqdarda sikkələrin tapılması abidənin öz dövründə mühüm siyasi əhəmiyyətə malik yaşayış mərkəzi olduğunu deməyə əsas verir. Ehtimala görə, bu yaşayış mərkəzində həyat Çingiz xan istilaları ilə əlaqədar kəsilmişdir.

Qeyd edək ki, 2017-ci il 14 dekabr tarixində Cənubi Qafqaz Boru Kəməri Şirkətinin texniki operatoru olan BP şirkəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aşkar edilmiş Kərpiclitəpə abidəsinin tam təhlil edilməsi üzrə əməkdaşlıq üçün qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Memoranduma əsasən ərazidə 500 kv.m sahəni əhatə edən arxeoloji qazıntılar aparılacaq. Tədqiqatlar Kərpiclitəpə abidəsinin qala, qəsr və ya xanəgah olması barədə ehtimalları təsdiqləyə bilər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: