Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.01.2018 16:18
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzi ötən il mühüm elmi nəticələr əldə edib

Lənkəran Regional Elmi Mərkəzi ötən il mühüm elmi nəticələr əldə edib

Yanvarın 24-də Geologiya və Geofizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Hesabatı məruzə edən mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev ötən il tədqiqatların prioritet istiqamətlərə uyğun olaraq, dövlət proqramları üzrə və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirildiyini bildirib. Qeyd edib ki, 2017-ci ildə mərkəzin əməkdaşları elmi fəaliyyətlərini bitki müxtəlifliyinin  müasir  vəziyyəti  və dinamikasının qiymətləndirilməsi, ehtiyatların saxlanılması, səmərəli istifadəsi və cənub-şərqi Azərbaycanın arxeoloji və numizmatik materialların aşkarlanması istiqamətində aparıblar.

Professor F.Quliyev elmi mərkəzdə ölkəmizdə çay plantasiyalarının məhsuldarlığının və keyfiyyətinin yaxşılaşdırılması, Lənkəran-Astara bölgəsinin özünəməxsus torpaq-iqlim şəraitində çayın yeni sort və kollarının yaradılması, onların təsərrüfatlara təqdim edilməsi kimi məsələlərin əsas elmi məqsəd kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hesabat ilində klon seleksiyası üzrə tədqiqat işləri aparılıb, toplanmış nümunələr əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində çayların keyfiyyət göstəricilərinin yüksək olduğu müəyyənləşdirilib.

Aparılan digər tədqiqat işlərinin Lənkəran limon sort-formaları ilə əlaqədar olduğunu deyən F.Quliyev tədqiqat məqsədinin yerli şəraitdə az yayılmış sortların morfoloji, bioloji və təsərrüfat əhəmiyyətinin qorunması, bərpa edilməsi, bu sortların müasir seleksiya baxımından qiymətləndirilməsi, keyfiyyət göstəricilərinə görə yeni sortların seçilməsi və yaradılması olduğunu bildirib.

F.Quliyev hesabatda elmi mərkəzin nəzdində fəaliyyət göstərən Arxeologiya şöbəsinin region arxeologiyasının aktual problemlərinə dair apardığı tədqiqatlardan söz açıb: "Regionun 20-dən çox  arxeoloji abidəsində arxeoloji kəşfiyyat işləri həyata keçirilib, bir çox yeni abidələr qeydə alınıb. Bundan başqa, şöbə əməkdaşları tərəfindən aşkar olunan saxsı məmulatlar toplanılaraq arxeoloji fond yaradılıb. Hazırda şöbədə "Lənkəran arxeoloji abidələri" adlı monoqrafiyanın və "Lənkəranın arxeoloji xəritəsi"nin hazırlanması istiqamətində işlər davam etdirilir".

Elmi mərkəzin rəhbəri Cənub-şərq regionunda tapılmış eramızdan əvvəl I əsr və eramızın XVIII əsrinə aid sikkələrin tədqiqi regionun numizmatikasının öyrənilməsi istiqamətində böyük irəliləyişə səbəb olacağını deyib: "Bölgədə tapılmış sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək elmi dövriyyəyə daxil edilib və tədqiq olunan dövrdə bölgənin ictimai-siyasi və sosial-iqtisadi durumu ilk dəfə olaraq sikkə tapıntıları əsasında şərh edilib".

F.Quliyev məruzəsində LREM-də keçirilən konfrans, yubiley, təltif, xarici ezamiyyət və s. məsələlərə toxunub, statistik məlumatları nəzərə çatdırıb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, LREM-in 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edilib. İclasda elmi mərkəzə Lənkərаn, Аstаrа, Mаsаllı və Lеrik rаyоnlаrında dayaq məntəqələrinin yaradılması istiqamətində tədbirlər planının hazırlanması, AMEA-nın, eləcə də Gürcüstan, İran və Türkiyənin müvafiq elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və digər tapşırıqlar verilib. Rəyasət Heyətinin qərarı ilə LREM-in Elmi Şurasının tərkibi təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: