Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Minskdə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd edilib
07.02.2018 10:36
  • A-
  • A
  • A+

Minskdə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd edilib

Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Yubiley tədbirində Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Belarusda səfərdə olan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti, Çin, Türkiyə, Qırğızıstan, Türkmənistan və Moldovanın Belarusdakı səfirləri, BMT-nin Beynəlxalq Miqrasiya Komitəsinin Belarusdakı nümayəndəliyinin rəhbəri, Belarusun Mədəniyyət Nazirliyinin əməkdaşı və yerli KİV-in nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov dramaturqun həyat və yaradıcılığından, sənətkarın ədəbiyyatımızda mühüm rolundan söhbət açıb. Bildirib ki, sevginin, gözəlliyin və mənəvi saflığın carçısı olan Cavid xalqımızın milli düşüncə tərzinin formalaşmasında dərin izlər buraxıb. O, öz əsərlərində yalnız İslam dünyasına aid olan məsələləri deyil, həm də ümumbəşəri məsələləri qaldıraraq, qoca Şərqin müdrikliklərini açıb göstərə bilib.

Daha sonra çıxış edən akademik Kamal Abdullayev Azərbaycan Respublikası Prezidentin müvafiq Sərəncamına əsasən Hüseyn Cavidə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söyləyib. Alim Hüseyn Cavidin yaradıcılığında Azərbaycan xalqının mənəvi dəyərlərindən olan tolerantlığın və multikulturalizmin öz əksini tapdığını bildirib.

Diqqətə çatdırıb ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb.

Tədbirin sonunda minskli tələbələr belarus və rus dillərində Hüseyn Cavidin şeirlərini səsləndirib, əsərlərindən parçalar oxuyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: