Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Humanitar elmlər sahəsində beynəlxalq əlaqələr genişlənib
08.02.2018 14:15
  • A-
  • A
  • A+

Humanitar elmlər sahəsində beynəlxalq əlaqələr genişlənib

AMEA Rəyasət Heyətinin növbəti iclasında Humanitar Elmlər Bölməsinin (HEB) illik hesabatı müzakirə olunub. Müzakirələrdə iştirak edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli HEB-də 5 il ərzində əldə olunmuş nəticələr, aparılan tədqiqatlar və qarşıda duran vəzifələri əhatə edən hesabatı yüksək qiymətləndirib.

Akademik İ.Həbibbəyli humanitar elmlər sahəsində ölkə Prezidenti İlham Əliyevin qəbul etdiyi qərar və sərəncamların tam şəkildə yerinə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, son illər bu sahədə beynəlxalq əlaqələr kifayət qədər genişlənmiş, bölmənin əməkdaşları çoxsaylı yerli və beynəlxalq konfranslarda iştirak etmişlər. Həmçinin dünyanın bir neçə nüfuzlu elm mərkəzləri ilə prioritet istiqamətlərdə əməkdaşlığa dair müqavilələr imzalanmış, müştərək tədqiqatlar aparılmışdır.

Sonra alim bu yaxınlarda AMEA Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası olan – www.azerbaycandili.az saytı barədə məlumat verib. O, bu hadisəni bölmənin böyük nailiyyətlərindən biri kimi qiymətləndirib. 

AMEA-nın vitse-prezidenti qeyd edib ki, müasir dövrdə dünya elm sahəsində gedən proseslərdə fəal iştirak etmək üçün xarici dil biliklərinə malik olmaq vacib məsələlərdəndir. Alim bu istiqamətdə AMEA-da həyata keçirilən tədbirlərdən söz açaraq, akademiyanın institutlarında ingilis dilinin tədrisi ilə əlaqədar kursların təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Akademik İ.Həbibbəyli Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış yeni orfoqrafiya lüğətinin bütün ölkə ictimaiyyətində geniş müzakirə olunduğunu vurğulayıb. Bildirib ki, yeni lüğətlə bağlı Azərbaycanın tanınmış ziyalıları, alim və dilçi mütəxəssislərinin çoxsaylı məqalələri nəşr olunmuş, müxtəlif fikirlər səsləndirilmişdir. Dilçilik İnstitutunda yaradılmış İşçi qrupu bütün irad və təklifləri, statistik məlumatları müzakirə və təhlil etdikdən sonra müvafiq qərarlar qəbul edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: