www.science.az
13.02.2018 10:22

MuzTV Azərbaycan kanalının peyk yayımına başlaması münasibətilə konsert təşkil edilib

Ölkəmizdə ilk musiqili İnternet televiziyası olan MuzTV Azərbaycan kanalının peyk yayımına başlaması münasibətilə fevralın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təşkil edilib.

Proqramın aparıcısı Əməkdar artist Murad Dadaşov bildirib ki, Azərbaycan incəsənətinin təbliği sahəsində yeni imkanlar açan musiqi kanalı olan MuzTV 2012-ci il mayın 11-dən 2017-ci il oktyabrın 20-dək www.muztv.az saytı vasitəsilə yayımlanan İnternet televiziyası idi. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir.  MuzTV Azərbaycan estradasının, milli musiqisinin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış edən yeganə televiziya resursudur.

Bildirilib ki, televiziyanın yaradılmasında əsas məqsəd milli musiqi sənətini təbliğ etmək, insanın ruhunu qidalandıran musiqini ölməz mənəvi dəyər kimi çoxmilyonlu tamaşaçıya çatdırmaqdır. MuzTV-nin məqsədlərindən biri də xalq musiqisinin öyrənilməsi və təbliğ olunması ilə bağlı ardıcıl layihələr hazırlamaq, xalq musiqisinin bazası əsasında yaradılan peşəkar milli musiqimizin sirləri ilə tamaşaçıları tanış etmək, Azərbaycanın zəngin və özünəməxsus muğam sənətini geniş auditoriyaya çatdırmaqdır.

Tədbirdə çıxış edən Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, radio, televiziya XX əsrdə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında mühüm rol oynayıb. Son illər bu sahədə dövlətin gördüyü işlərdən söz açan akademik R.Hüseynov qeyd edib ki, televiziyamızın ən ümdə vəzifəsi mədəniyyətimizi, incəsənətimizi yaşatmaq, maarifçiliyi yaymaqdır.

Vurğulanıb ki, MuzTV Azərbaycan incəsənətinin təbliği üçün yeni imkanlar açacaq. Muğamlarımızın, xalq mahnılarımızın qorunması və təbliği, ayrı-ayrı musiqi proqramlarının canlı yayımı yeni televiziyanın hədəfindədir. Kanal tamaşaçının zövqünü oxşamaqla yanaşı, həm də yeni layihələri, proqramları və verilişləri ilə geniş auditoriyanın diqqət mərkəzində olacaq. Bu gün dünyada geniş yayılmış musiqi kanalları sırasında özünəməxsus yeri olan MuzTV bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətinin təbliğinə layiqli töhfələr verəcək.

Yeni kanalın yaradıcı heyətinə bir sıra tövsiyələrini verən R.Hüseynov deyib ki, bu kanalda Azərbaycan və dünya musiqi korifeyləri haqqında sənədli filmlər hazırlanmalı, insanların zövqünü oxşayan rəngarəng musiqilərə üstünlük verilməlidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Jalə ƏliyevaNovruz Aslan, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov belə bir televiziyanın açılmasını mədəni zövqümüzün formalaşması baxımından mühüm hadisə kimi qiymətləndiriblər.

MuzTV Azərbaycan kanalının direktoru Elnur Kələntərov isə çıxışında son illər Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafı və təbliği istiqamətində görülən işlərdən danışıb, bu istiqamətdə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələri xüsusi qeyd edib. 

Sonra tədbir geniş konsert proqramı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.