www.science.az
14.02.2018 17:37

AMEA-nın Naxçıvan Bölməsi hesabat verib

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın Naxçıvan Bölməsi ilə telekörpü yaradılıb.

Sonra bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib. Natiq bildirib ki, AMEA Rə­­ya­sət Heyəti tərəfindən təsdiq edi­lən plana uyğun olaraq tədqi­qat işlərinə yeni elmi tələb­lərlə yanaşılıb, Nax­çıvanın ta­ri­xi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, tə­bii sər­vətləri, flora və fau­nası, torpaq örtüyü sistemli şəkil­də öy­rənilib. Vurğulayıb ki, he­sa­bat ilində bölmədə ölkə başçısının 11 fər­man və sərən­camı, Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 16 qərar və sərəncamı, Nax­çıvan Muxtar Respublikasının Ali Məc­li­si və Nazirlər Kabinetinin 23 fər­man, sərən­cam və qərarı, AMEA-nın 6 sərəncam və qərarı icra edilib.

Mühüm nəticələrə dair statistik məlumatları diqqətə çatdıran İ.Hacıyev bildirib ki, bölmə üzrə 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuda 34 iş 79 mərhələdə ye­rinə yeti­ril­ib. 2017-ci ildə bölmə əməkdaşlarının 33 monoqrafiyası, 17 ki­tabı, 2 atlası, 2 dərsliyi, 1 kitabçası, 1 metodik vəsaiti nəşr edilib, həmçinin 515 el­mi məqalə, 190 konfrans materialı və 6 tezis olmaqla 767 elmi əsər çapdan çıxıb. Əsərlərdən 1-i monoqrafiya, 1-i kitab, 90-ı el­mi məqalə, 72-si kon­frans ma­te­rialı, 1-i tezis olmaqla 165 elmi əsər xaricdə işıq üzü görüb. İm­pakt faktorlu jurnallarda dərc olun­an elmi məqa­lə­lərin sayı isə 45-dir.

Akademik bölməyə daxil olan elmi müəssisələrdə həyata keçirilən tətbiq yönümlü işlər haqqında məlumat verib: "Darıdağ arsen­li suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradıl­ıb, eyni zamanda Biləv zəy süxurundan 3 birləşmənin alınması is­tiqamətində geniş tədqiqatlar aparılıb. Nax­çıvan Muxtar Respublikası ərazisində yem, dər­man, efir yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün ya­­rarlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flava­noidli, vitaminli, kos­metik və digər olmaqla, ümumilikdə 27 faydalı bitki qrupu müəyyən edilib. Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudul­muş dərman bitkilər­dən ibarət qarışıq­lar hazırlanması üçün sertifikatlar alınıb. Dər­man bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb Böl­mənin "Yaşıl aptek"inə, eyni za­manda muxtar respublikada fəaliyyət göstərən bəzi apteklərə verilib.

Elmlə təhsilin inteqrasiyasından danışan natiq vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Nax­çı­van Muxtar Respub­li­ka­sının elm, ali və orta ixtisas təhsili mü­əs­si­sələri ilə ümumtəhsil məktəbləri arasın­da əlaqələrin təşkili haqqın­da" Sərəncamına uyğun ola­raq 54 elmi dərəcəli əməkdaş Muxtar Respub­li­kanın 38 ümum­­­təhsil məktəbində təşkil olunan nümunəvi dərslərdə iştirak edib, həmçinin 11 əməkdaş in­­teraktiv dər­s tədris edib.

Məruzəçi beynəlxalq əməkdaşlıq və qrantlar haqqında da danışıb. Qeyd edib ki, ötən il ABŞ, Fran­sa­, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıs­tan­, İran və digər ölkələrin elm və təh­sil müəssisələri ilə sıx əmək­daşlıq edilib. 2 respub­li­ka səviyyəli qrant la­yi­həsinin icrasının başa çatdığını bildirən natiq 1 beynəlxalq və 3 respublika sə­viyyəli qrant layihəsinin isə icrasının davam etdirildiyini vurğulayıb.

Elektron elmin vəziyyəti haqqında məlumat verən akademik bildirib ki, ötən il bölmənin www.ameanb.nakhchcivan.az elektron portalında mühüm ha­di­sələr, maraqlı məlumat, keçirilən tədbirlər və digər informasiyalar yerləşdirilib. İl ərzində bölmənin Elmi Ki­tabxa­na­sında müx­­təlif elm sa­hə­lərinə aid 227 kitabın elektron variantı hazırlanıb.

İ.Hacıyev kadr hazırlığının hesabat ilində də davam etdirildiyini, bölmə əməkdaşlarından 1 nəfərin elm­lər doktoru, 7-nin fəlsəfə dok­­toru elmi dərə­cəsi, 2-nin isə dosent elmi adı aldığını söyləyib. Qeyd edib ki, hazırda böl­mədə 23 nəfər dok­torant, 26 nəfər disser­tant təd­qi­qatlarını da­vam etdirir­lər.

Təltiflər və mükafatlardan danışan natiq bildirib ki, bölmə əməkdaşları tərəfindən hazırlanan "Naxçıvan tarixi" çox­cildliyi 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına, həmçinin AMEA-nın müxbir üzvü H.Qədirzadənin "Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı" kitabı Ali Məclis Səd­rinin mükafatına layiq görülüb. Eyni zamanda bölmənin bəzi əməkdaşları respublika və beynəlxalq səviyyəli mükafatlarla təltif olunublar.

Məruzə dinlənidikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Bölməyə ölkə başçısının "Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı" elan olunması haqqında Sərəncamı ilə əlaqədar qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, həmçinin "Azərbaycan Xalq Cümhuriy­yətinin 100 illik yubileyi haqqında" və "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamlarının icrası ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.