Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

21 fevral - Beynəlxalq Ana Dili Günüdür
21.02.2018 09:10
  • A-
  • A
  • A+

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Bu barədə qərar Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilən 30-cu sessiyasında elan edilib.

Beynəlxalq Ana Dili Gününün tarixçəsi isə 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi ilə əlaqədardır.

Bu il Beynəlxalq Ana Dili Günü “Linqvistik müxtəlifliyin qorunub saxlanılması və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına kömək məqsədilə multilinqvizmin təşviqi” mövzusuna həsr olunacaq və həmin gün üzv ölkələrdə bu istiqamətdə tədbirlər, konfranslar, seminarlar keçiriləcək.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, qorumaq və inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.

Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Bundan əlavə, ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" respublikada dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin edir.

Bu gün, həmçinin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində AMEA-da bir sıra işlər görülür. Hazırda AMEA-nın Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən 69 maddəlik "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: