Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

7 alim AMEA-nın mükafatı ilə təltif olunub
09.04.2014 00:00
  • A-
  • A
  • A+

7 alim AMEA-nın mükafatı ilə təltif olunub

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 7 alim AMEA-nın görkəmli alim və mütəfəkkirlərin adına təsis edilmiş mükafatları ilə təltif olunub.

Məlum olduğu kimi, AMEA Rəyasət Heyəti alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa təşviq etmək, eləcə də Azərbaycanın bir sıra görkəmli alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi haqqında” qərar qəbul etmişdir.

Akademiyanın elmi bölmələri mükafatlara təqdim olunmaq üçün namizədlər irəli sürmüş və bu məsələ AMEA mükafatları üzrə Ekspert Komissiyasında müzakirə olunmuşdur.

Ekspert Komissiyasının namizədlər haqqında rəylərini nəzərə alan AMEA Rəyasət Heyəti bugünkü iclasında 7 alimin mükafatlandırılmasına dair qərar qəbul edib.

Qərara əsasən:

- akademik Çingiz Qacar biratomlu spirtlərin və törəmələrinin trans- və qoş-konformerlərinin fırlanma spektrlərinin identifikasiya edilməsi sahəsindəki fundamental tədqiqatları və mühüm nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı ilə;

- akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatı ilə;

- akademik Cəlal Əliyev Azərbaycanda kənd təsərrüfatı bitkilərinin fiziki-kimyəvi biologiyası sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə;

- akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı ilə;

- akademik Böyükkişi Ağayev Azərbaycanda səhiyyənin və tibb elminin fundamental və tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətləri və əldə etdiyi nailiyyətlərə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə;

- AMEA-nın müxbir üzvü İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə;

- geologiya-mineralogoya elmləri doktoru, professor Fərid Dadaşov Azərbaycan geologiya elmi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasındakı mühüm xidmətlərinə görə AMEA-nın akademik Musa Əliyev adına mükafatı ilə təltif olunublar.

Alimlərə mükafatlar AMEA-nın aprelin 18-də keçiriləcək illik Ümumi yığıncağında təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: