Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.03.2018 13:50
  • A-
  • A
  • A+

“Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Tarix İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təşkil olunan tədbirdə bu qurumun müdiri Əhməd Sami Elaydi Xalq Cümhuriyyətinin yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyib. Müsəlman Şərqində qadınlara ilk dəfə seçki hüququnun məhz 100 il əvvəl - Cümhuriyyət dövründə verildiyini söyləyən Ə.S.Elaydi AXC dövründə Azərbaycanın ilk müasir ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin də təsis edildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Cümhuriyyət XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb və irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldıraraq bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib. 

Yaqub Mahmudov Tarix İnstitutunda AXC tarixini araşdıran ayrıca şöbənin fəaliyyət göstərdiyini, Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədlərinin ölkəmizə gətirildiyini söyləyib. Alim AXC tarixinə dair sanballı əsərlərin, o cümlədən ikicildlik ensiklopediyanın nəşr edildiyini bildirib.

Konfransda Milli Məclisin deputatı Elman Nəsirov, tarixçi alimlər - tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov, Kamran İsmayılov, Güntəkin Nəcəfli və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb.

Sonda Y.Mahmudov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqatın ərəbcə nəşrini hədiyyə edib. Əhməd Sami Elaydi isə Azərbaycan-Misir əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Y.Mahmudova və E.Nəsirova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin mükafatlarını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: