Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA FRTEB-nin institutlarının elmin populyarlığı sahəsində 2014-cü ildəki fəaliyyəti
10.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA FRTEB-nin institutlarının elmin populyarlığı sahəsində 2014-cü ildəki fəaliyyəti

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) institutları tərəfindən regionlarda elmin populyarlığının artırılması, ümumtəhsil məktəbləri, liseylər və ali təhsil ocaqları ixtisaslaşmış olimpiadaların keçirilməsi sahəsində bir sıra işlər görülüb.

Belə ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunda olimpiadaların keçirilməsi üçün mütəxəssislərdən ibarət təşkilat komissiyası yaradılıb. Bakı və Sumqayıt şəhərlərinin bir neçə məktəbində riyaziyyat olimpiadalarının təşkili ilə bağlı Şəhər Təhsil İdarələri ilə danışılqlar aparılıb və razılıq əldə edilib. İsmayıllı rayonunun 2 orta məktəbində riyaziyyat olimpiyadalarını keçirmək haqqında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı ilə razılıq əldə olunub.

AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası isə Şamaxıda keçirilmiş “Əyləncəli elm” adlı tədbirin təşkilatçısı olub. Tədbir AMEA Şamaxı Astrofizika Rəsədxanasında Şamaxının orta məktəblərinin fizika və kimya ilə maraqlanan şagirdlərinin iştirakı ilə keçirilib. Fizika sahəsinə aid maraqlı təcrübələr institut gənclərinin hazırladıqları əyani vəsaitlərlə nümayiş etdirilib. Tədbir silsilə xatakteri daşıdığına görə digər bölgələrə də səfərlər planlaşdırılır.

AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə fizika, riyaziyyat və informatika təmayüllü liseydə X siniflər arasında sınaq olimpiadası keçirilib. Məktəblilər arasında elmə maraq yaratmaq məqsədi ilə təşkil olunmuş olimpiadanın sualları institutun əməkdaşları tərəfindən hazırlanıb. Yüksək nəticə göstərmiş 9 şagird 19 aprel 2014-cü ildə keçiriləcək olimpiadada iştirak edəcək.

AMEA Kibernetika İnstitutu Bakı şəhəri 117 saylı tam orta məktəbdə istedadlı şagirdlərin LOQO proqramlaşdırma dili üzrə olimpiadaya hazırlıq başlayıb. Olimpiada hazırlığı üçün məktəbdə dərnək açılıb. Həmçinin bu məktəbdə yeni tədris ilindən “Kompüter elmləri” təmayüllü sinfin yaradılması istiqamətində də işlər aparılır.

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 13-26 aprel 2014 cü il tarixlərdə 17 may Dünya Telekommulukasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası” keçiriləcək. Olimpiadanın final mərhələsinin 26 aprel 2014-cü il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: