Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.03.2018 11:24
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib

Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Azərbaycan Elmi Mərkəzinin (AEM) növbəti iclası keçirilib. Tədbirdə RTEA-nın vitse-prezidenti, akademik Əzizağa Şahverdiyev, AMEA-nın müxbir üzvləri Tulparxan SalavatovQeylani PənahovQurban Yetirmişli və digərləri iştirak ediblər.

İclasda qurumlar arasında birgə elmi əməkdaşlıq perspektivləri müzakirə edilib, bu əlaqələrin hansı istiqamətlər üzrə davam edəcəyi müəyyənləşdirilib.

Dövlətlərarası elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan akademik İ.Quliyev bildirib ki, 2014-ci il noyabrın 13-də AMEA və RTEA rəhbərliyinin təşəbbüsü ilə yaradılan RTEA-nın Azərbaycan Elmi Mərkəzinin fəaliyyəti hər iki qurum arasında texnologiya, texnika və təhsil sahələrində əlaqələrin yaranmasına, fundamental və tətbiqi araşdırmaların genişlənməsinə və müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunmasına yönəlib.

Tədbirdə, həmçinin RTEA-nın prezidenti, akademik Oleq Kuznetsovun sədrliyi ilə keçirilən RTEA Rəyasət Heyətinin iclasında gizli səsvermə yolu ilə AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzinin direktoru, professor Rüfət Məmmədovun bu qurumun xarici üzvü seçildiyi diqqətə çatdırılıb. Alimə RTEA-nın xarici üzvü diplomu, vəsiqəsi və fərqlənmə nişanı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: