Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilib
19.03.2018 08:23
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə institutun direktoru, professor Maisə Rəhimova bildirib ki, erməni millətçilərinin Azərbaycan xalqına, hətta tarixi ərazilərimizdə yaşayan milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlara qarşı soyqırımı və etnik təmizləmə siyasəti bəşər tarixinin qanlı səhifələrindən biridir. 1918-ci il martın 30-31-də bədnam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilərək ilk dəfə həmin qətliama siyasi və hüquqi qiymət verilib.

Professor M.Rəhimova Qubada erməni faşizmi tərəfindən törədilmiş bəşəri cinayətin maddi izlərinin aşkarlanmasında və tədqiqində Arxeologiya və Etnoqrafiya İnstitutunun mühüm rolunu qeyd edib.

İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev “Quba soyqırımı məzarlığının arxeoloji tədqiqi” mövzusunda vizual-elektron təsvirlərlə müşayiət olunan təqdimatla çıxış edib. Quba soyqırımı məzarlığının tədqiqi tarixinə toxunan məruzəçi qeyd edib ki, orada 200-ə yaxın insan qalığının kəllə sümükləri aşkarlanıb. Onların 55-i müxtəlif yaşlı qadınlara, 4-15 yaş arası uşaq və yeniyetmələrə, qalanları isə əsasən yaşlı kişilərə aiddir.

Q.Ağayev bildirib ki, Quba soyqırımı məzarlığı ərazisindəki memorial kompleks XX əsrin əvvəllərində erməni şovinistlərinin xalqımıza qarşı törətdiyi soyqırımı dünyaya tanıtmaqdadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: