Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib
14.04.2014 00:00
  • A-
  • A
  • A+

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı, AMEA Naxçıvan Bölməsi müəssisədən kənar ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikasının (NMR) yaradılması Azərbaycanın siyasi tarixində ən əhəmiyyətli hadisələrdəndir. AR Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli Sərəncamdan söz açan İ.Hacıyev qeyd edib ki, NMR Ali Məclisinin sədri Vasif Talıbov dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan edib.

Vurğulanıb ki, muxtar respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olub. Bu illərdə NMR Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz töhfələrini verib. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın addımları bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. NMR bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

Elmi konfransda AMEA Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Naxçıvanın inkişaf dinamikasının təməlində muxtariyyət statusu dayanır”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyət kimi”, Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Muxtariyyət dövründə Naxçıvanın sosial-iqtisadi inkişafı”, YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərlinin “Beynəlxalq təcrübədə muxtariyyətlər və Naxçıvan muxtariyyəti” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə qeyd olunub ki, beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırıb. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilib, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısı Naxçıvana son səfəri zamanı da burada görülən işləri yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: