Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AR Dövlət Neft Şirkətinin “Elm Fondu” elmi-tədqiqat layihələrinin və digər elmi tədbirlərin maliyələşdirilməsi üzrə müsabiqə elan edir
15.04.2014 00:00
  • A-
  • A
  • A+

AR Dövlət Neft Şirkətinin “Elm Fondu” elmi-tədqiqat layihələrinin və digər elmi tədbirlərin maliyələşdirilməsi üzrə müsabiqə elan edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu” (bundan sonra – Elm Fondu) dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri (bundan sonra – layihələr) dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin elmi fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq, həmçinin Azərbaycan Respublikasında fundamental, tətbiqi və innovasiya xarakterli elmi, texniki araşdırmaların stimullaşdırılması məqsədilə 2014-cü il üçün müsabiqə elan edir.

1. Elm Fonduna təqdim olunan layihələr aşağıdakı elm sahələrinə aid olmalıdır:

 

Yer elmləri;

Texnika elmləri;

Kimya elmləri.

 

2. Elmi araşdırmaların aşağıdakı prioritet istiqamətləri üzrə təqdim edilən və multidissiplinar xarakter daşıyan layihələrə üstünlük veriləcək:

• karbohidrogen resurslarının mənimsənilməsində kompleks kompyuter proqramlarının və 3D geoloji-hidrodinamik modellərin yaradılması;

• neft və qaz suxurlarının tədqiqi üçün yüksək texnoloji metodlar və avadanlıqlar. Böyük və daha böyük dərinliklərdə flüidogenerasiya və faza keçid proseslərinin eksperimental və fiziki-kimyəvi modelləşdirilməsi;

• qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının araşdırılması. Şist qazı və qaz-hidrat alternativ enerji mənbələrinin axtarış perspektivləri;

• neft-qaz hasilatının optimallaşdırılmasında iqtisadi baxımdan səmərəli metodların istifadəsi, kompyuter proqram təminatlarının və informasiya texnologiyalarının nailiyyətlərinin tətbiqi;

• qalıq neft-qaz ehtiyatlarının təyini və optimal işlənilməsində innovativ üsulların tətbiqi.

3. Müsabiqənin aşağıdakı nominasiyaları fərqləndirilir:

• fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri (müsabiqə növünün kodu: ET);

• xüsusi layihələr (müsabiqə növünün kodu: XL);

• gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat”la qiymətləndirilən yaxın bir ildə tamamlanmış elmi-tədqiqat layihələri (müsabiqə növünün kodu: HM).

 

4. Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri (ET) üçün onların mürəkkəbliyindən, işin həcmindən və yerinə yetirilmə müddətindən asılı olaraq aşağıdakı qaydada maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur:

• kiçik həcmli layihələr üçün (50 min manata qədər);

• orta həcmli layihələr üçün (50 mindən 100 min manata qədər);

• böyük həcmli layihələr üçün (100 mindən 200 min manata qədər).

5. Müsabiqədə xüsusi layihələr (XL) kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş vəsait həcmində maliyyələşdirilir. Xüsusi layihələrin predmetini təşkil edir:

(XL1): Elmi əsərlərin, aktual tədqiqat işlərinin Azərbaycanda və ya xaricdə nəşri, Azərbaycan dilinə və ya Azərbaycan dilindən tərcüməsi;

(XL2): Elmi ekspedisiya və çöl işlərinin təşkili;

(XL3): Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi;

(XL4): Xarici elmi tədbirlərdə iştirak etmə;

(XL5): Xarici ölkələrin birində doktorantura xətti üzrə təhsil alma.

6. “Həvəsləndirici mükafat” nominasiyası üzrə:

• birinci yer tutana - 10 (on) min manat məbləğində bir mükafat;

• ikinci yer tutana - hər biri 5 (beş) min manat məbləğində olan iki mükafat;

• üçüncü yer tutana - hər biri 3 (üç) min manat məbləğində olan üç mükafat verilir.

7. Müsabiqədə AMEA-nın əməkdaşları və ya onlarla birgə layihədə çalışan ARDNŞ-nin işçiləri iştirak edə bilərlər.

8. Müsabiqədə iştirak üçün layihələr layihə rəhbərinin imzalanmış ərizəsi (Forma 1), ərizəyə əlavə olunan digər sənədlərlə birlikdə Elm Fondunun Müsabiqə Komissiyasına (Ünvan: AZ1001, Azərbaycan, Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 508.) layihə rəhbəri tərəfindən şəxsən təqdim edilməlidir.

9. Müsabiqədə iştirakın xüsusi şərtləri:

– İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər;

– ARDNŞ-nin Elm Fondunun əvvəlki müsabiqələrindəki iştirakı da nəzərə alınmaqla layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqəyə qatıla bilər. Yalnız bir nominasiya üzrə layihəyə rəhbərlik, ikinci layihədə isə icraçı qismində müsabiqədə iştirak etmək olar;

– layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya ARDNŞ-lə əmək münasibətində olmalıdır;

– bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və içraçılar) ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Yalnız İdarə Heyətinin qərarı ilə layihə iştirakçılarının sayı artırıla bilər.

10. Aşağıdakı hallarda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul olunmur:

– müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;

– digər mənbələrdən (Dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;

– layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;

– tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.

 

11. Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır.

12. Bütün layihələr, bir qayda olaraq, Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis və rus dillərində (xarici ekspertlərdən rəy alınması məqsədilə) tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 nüsxədə təqdim olunmalıdır.

13. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

• məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən layihə barədə ümumi məlumatlar (Forma 2);

• layihənin xərclər smetası (Forma 3);

• layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);

• layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-in (əgər varsa) surəti, iş yerindən arayış.

Ərizə və məlumat formalarının nümunələri ARDNŞ-nin www.socar.az saytında da yerləşdirilib.

14. Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən edilməlidir.

15. Qalib gəlmiş layihələrin xərclər smetası müqavilə əsasında Fondla əməkdaşlıq edən və layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün İdarə Heyətinə təqdim edir.

16. Müsabiqədə iştirak etmək üçün ərizələr Elm Fondunun Müsabiqə Komissiyası tərəfindən 15 aprel 2014-cü il tarixindən 15 may 2014-cü il tarixinədək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.

17. Müsabiqənin nəticələri “Neftçilər günü”nə (20 sentyabr) həsr olunmuş tədbirlər çərçivəsində 2014-cü ilin sentyabr ayı ərzində açıqlanacaqdır.

18. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün AMEA-nın Elmi-Təşkilat İdarəsinə müraciət etmək olar.

Əlaqə telefonu: (012) 492-84-48; e-mail: eti.amea@box.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: