Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.04.2018 14:17
  • A-
  • A
  • A+

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb

Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının, Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən konfransda universitetin rektoru, akademik Kamal Abdullayev çıxış edərək vurğulayıb ki, tədbirin keçirilməsinin məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Tədbir, həmçinin dahi liderin ideyalarının Avropa və Asiyada bir daha yayılmasına, azərbaycançılıq ideologiyasının yeni formatda inkişafına təkan verəcək.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerant ölkə olduğunu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirib. Qeyd edib ki, bütün bunların əsasını ulu öndər Heydər Əliyev qoyub.

Dünyada cərəyan edən qlobal təhlükələrdən danışan Təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrinin öz ana dillərində sərbəst danışdıqlarını deyib. Onun sözlərinə görə, bir çox ali və orta məktəblərdə ana dillərinin işlənilməsi təmin olunur, adət-ənənələrə hörmətlə yanaşılır.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşadığını deyib. Bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini, həmrəyliyini əks etdirir. Ulu öndərin dövlət siyasəti səviyyəsinə qaldırdığı azərbaycançılıq ideologiyası multikulturalizm və tolerantlıq fəlsəfəsinin əsasını təşkil edir.

Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və başqaları çıxış edərək ölkəmizin multikulturalizm və tolerantlıq dəyərlərindən, ümummilli lider Heydər Əliyevin xalqımızın digər millətlərlə birgə yaşayışının təmin edilməsi, millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində rolundan danışıblar.

Sonda tədbir bölmə iclasları ilə işini davam etdirib.

Mayın 5-dək davam edəcək konfransın plenar və yekun iclasları ADU-da, bölmə iclasları isə bu ali məktəblə yanaşı, müxtəlif ölkələrin müvafiq qabaqcıl universitetlərinin bazalarında təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: