Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.04.2018 08:48
  • A-
  • A
  • A+

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulmasına dair müzakirələr aparılıb

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulmasına dair müzakirələr aparılıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Azərbaycanda ilk dəfə olaraq buraxılacaq nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulmasının müzakirəsinə həsr edilən tədbir keçirilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, sədr müavini Rövşən Rüstəmov və Milli Aviasiya Akademiyasının əməkdaşları – professorlar Ənvər Həzərxanov və Ədalət Səmədov iştirak ediblər.

Tədbiri ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq son illər rəsədxanada görülən elmi işlər barədə qonaqlara məlumat verib. Alim qeyd edib ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin fizika və dinamikası” istiqamətinə daxil olan iki problem – Ulduz və qalaktikaların kompleks tədqiqi və Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bundan əlavə, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və başqa istiqamətlər üzrə də tədqiqatlar həyata keçirilir.

Sonra rəsədxananın elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Xıdır Mikayılov “ŞAR-ın müşahidə imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, rəsədxananın cihaz parkı və ikimetrlik teleskopda yaradılmış şərait müasir standartlara cavab verə biləcək astronomik müşahidələr aparmağa imkan verir.

Daha sonra ŞAR-ın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, f-r.ü.f.d.­­ Canməmməd Rüstəmov “Nanopeyklərdə astrofiziki problemlərin həlli” mövzusunda mə­ru­­zəsini təqdim edib. C.Rüstəmov vurğulayıb ki, ŞAR-ın ikimetrlik teleskopunda spektral müşahidələrin aparılması böyük kütləli parlaq ifratnəhəng ulduzlarda gedən fiziki proseslərin daha dəqiq anlaşılmasına, bu proseslərin düzgün modelinin qurulmasına imkan verəcək.

Tədbirdə nanopeyklərdə quraşdırılacaq kiçik teleskopların optik və texniki parametrlərinin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Xüsusilə, akademik Roald Saqdeyev nanopeyklərdə astronomik müşahidələrin aparılmasına dair faydalı məsləhətlər verib.

Sonda qonaqlar ŞAR-ın muzeyi və teleskopu ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: