www.science.az
26.04.2018 14:27

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans işə başlayıb

Aprelin 26-da Qusar şəhərində AMEA Rəyasət Heyəti, Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans işə başlayıb.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Türkiyə, Rusiya, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan olan görkəmli tarixçi alimlər iştirak edirlər.

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. Daha sonda 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə ziyarət edilib.

Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktları özündə əks etdirən kitab və digər nəşrlərdən ibarət sərgiyə baxış keçirildikdən sonra konfransın açılış mərasimi başlayıb.

Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. 

Sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək konfransın məhz Qusarda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb, tarixi həqiqətlərin daha dərindən öyrənilməsi və xalqımıza qarşı törədilən erməni vəhşiliklərinin sübuta yetirilməsində böyük rolu olacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli artıq beşinci dəfədir ki, keçirilən beynəlxalq elmi konfransın türk-müsəlman xalqlarına qarşı törədilən soyqırımlarının tanıdılması istiqamətində atılan vacib addım olduğunu bildirib. O, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının alimlər qarşısında duran əsas hədəflərdən olduğunu deyib.

Daha sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək, son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Bildirib ki, ölkə Prezidentinin təşəbbüsü ilə hər il Azərbaycanda keçirilən dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında, tarix elminin yeni faktlar və elmi ümumiləşdirmələrlə zənginləşməsində mühüm rol oynayır.

Konfrans işini digər çıxışlarla davam etdirib.

Üç gün davam edəcək tədbir 3 bölmə üzrə aparılacaq. Birinci bölmədə “1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar”, “1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən deportasiyası”, “1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması”, “1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr” istiqamətlərində məruzələr dinləniləcək.

Növbəti iki bölmədə isə məruzələr “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları”, “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar mövzularında olacaq.

Beynəlxalq elmi konfransa aprelin 27-də yekun vurulacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.