Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İqtisadiyyat İnstitutu elmi araşdırmalarını Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğunlaşdıracaq
30.04.2018 12:45
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutu elmi araşdırmalarını Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğunlaşdıracaq

AMEA-nın İqtisadiyyat İnstitutunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsinin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Tədbiri institutun direktoru, i.e.d., professor Nazim İmanov açaraq akademikin məqaləsinin elmi ictimaiyyət üçün əhəmiyyətindən və iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində iqtisadçı alimlərin üzərinə düşən vəzifələrdən danışıb.

Sonra çıxış edən institutun Sənaye siyasəti və investisiya problemləri şöbəsinin müdiri, i.e.d., professor Tofiq Hüseynov bildirib ki, iqtisadçı alimlər öz tədqiqatlarında Azərbaycanın iqtisadi inkişaf strategiyasını əsas götürməli və elmi araşdırmalarını yeni tələblərə uyğun olaraq aparılmalıdırlar. Məruzəçi, həmçinin R.Mehdiyevin iqtisad elminin və iqtisadçıların qarşısında qoyduğu vəzifələrin bu gün aktual olduğunu vurğulayıb.  

İclasda, o cümlədən AMEA-nın müxbir üzvləri - Şahbaz Muradov, Qorxmaz İmanov, Əli Nuriyev, Akif Musayev, habelə professor Rəna Sultanova iqtisadi-elmi mühitin müasir tələblərə və yeni çağırışlara cavab verməsi, iqtisad yönümlü dövlət orqanları ilə elmi-praktiki müstəvidə əməkdaşlıq imkanları, institutda aparılan fundamental tədqiqatların iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərinə uyğunlaşdırılması barədə danışıblar.

Qeyd edək ki, akademik R.Mehdiyevin sözügedən məqaləsində Azərbaycanın iqtisadi-elmi mühitinin iqtisadi quruculuq prosesində yaxından iştirakının zəruriliyi əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: