Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub
30.04.2018 09:49
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladaraq, sənədə əsasən hər il martın 27-nin ölkəmizdə Elm günü kimi qeyd ediləcəyini bildirib. O, dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamların ölkəmizdə elmin inkişafına göstərilən yüksək diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.

Daha sonra İ.Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il sentyabrın 12-də imzaladığı Sərəncama əsasən yaradılan Naxçıvan Duz Muzeyinin açılış mərasimində Ali Məclis Sədrinin çıxışından irəli gələn vəzifələrdən danışıb. Alim AMEA-nın Naxçıvan Bölməsinin Naxçıvan duzu ilə bağlı arxeoloji qazıntıların aparılması, Naxçıvan duzu ilə bağlı kitabın hazırlanması və Naxçıvan duzunun tərkibi haqqında verilən müvafiq tapşırıqları diqqətə çatdırıb.

Tədbirdə Bioresurslar İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru Fatmaxanım Nəbiyeva 60 illik yubileyi münasibətilə bölmənin Fəxri fərmanı ilə təltif olunub.

Akademik İ.Hacıyev Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanı Rusiya Təbiət Elmləri Akademiyasının professoru elmi adına, eyni zamanda, həmin akademiyanın “Elmin qızıl fondu” milli proqramı çərçivəsində “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülməsi münasibətilə təbrik edib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Naxçıvanın eneolit mədəniyyətinin Cənubi Qafqaz üçün əhəmiyyəti” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi vurğulayıb ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə bölmədə yaradılan yerli ekspedisiya və Azərbaycan-Fransa ekspedisiyası tərəfindən aparılan arxeoloji tədqiqatlar tariximizin öyrənilməsi və dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

İclasda AMEA-da elmi jurnalların nəşrinin təkmilləşdirilməsi məsələsinə də baxılıb. Bölmənin elmi nəşrləri olan “Xəbərlər” və “Axtarışlar” jurnallarının müasir tələblərə uyğun olaraq xarici dillərdə də nəşr edilməsi qərara alıınıb.

Gündəliyə çıxarılan növbəti məsələ bölmənin doktorant və dissertantlarının elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının mövzularının Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında təsdiq edilməsi ilə bağlı olub. Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə bu barədə iştirakçılara məlumat verib. Bildirib ki, Naxçıvan Bölməsinin Əsasnaməsinə uyğun olaraq bölməyə 2006-cı ildən etibarən doktorant və dissertantların qəbulu prosesinə başlanılıb. Bununla əlaqədar olaraq “Azərbaycan” qəzetinin 25 noyabr 2016-cı il tarixli sayında elan dərc edilib. 

Sonda bir sıra kadr və cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: