Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib
07.05.2018 06:33
  • A-
  • A
  • A+

Akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib

Görkəmli kimyaçı alim, Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Rəfiqə Əliyevanın vəfatından bir il ötür.

Mayın 5-də Fəxri xiyabanda görkəmli alimin qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə alimin ailə üzvləri, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məzarın önünə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulub.

Tədbir iştirakçıları Rəfiqə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimi açan Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alim ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərib. Analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə Əliyeva elmi məktəb formalaşdırıb.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə, akademiklər Rafael HüseynovAdil Qəribov və digərləri çıxış edərək görkəmli alimi xeyirxah insan kimi səciyyələndirib, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda mərhumun ailəsi adından çıxış edən qızları - BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, qəbirüstü abidə kompleksini Xalq rəssamı, heykəltəraş Natiq Əliyev və Əməkdar rəssam, memar Şamil Buksayev hazırlayıblar. Akademik Rəfiqə Əliyevanın heykəli özünəməxsus süjetə və kompozisiyaya malikdir. Kompleks maarifçilik missiyasını həyata keçirir, həm də abidə ansamblı kimi təqdim olunur. Heykəldə lirizmin və bədii detalların zənginliyinin özünəməxsus yeri var.

Akademik Rəfiqə Əliyevanın abidə kompleksi məşhur Avropa memarlıq üslubu olan Barokko incəsənət növü ilə Şərq memarlığının sintezinin təzahürüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: