Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Yavuz Rüstəmovun 85 yaşı tamam olur
08.05.2018 07:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Yavuz Rüstəmovun 85 yaşı tamam olur

Mayın 9-da Azərbaycanın görkəmli kimyaçı alimi, Polimer Materialları İnstitutunun laboratoriya müdiri, “Şöhrət” ordeni laureatı, AMEA-nın müxbir üzvü Yavuz Rüstəmovun 85 yaşı tamam olur.

Yavuz İsmayıl oğlu Rüstəmov 1933-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində ziyalı ailəsində anadan olub. O, 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Kimya texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Y.Rüstəmov 1969-cu ildən indiyə kimi AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır.

O, 1973-cü ildə texnika üzrə elmlər namizədi, 1984-cü ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1994-cü ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Alimin elmi yaradıcılığında kimya texnologiyasının nəzəri əsaslarının işlənib hazırlanması, çoxfazalı sistemlərdə kinetik, hidrodinamik, istilik və maddələr mübadiləsi proseslərinin modellərinin yaradılması, kimyəvi sistemlərin tam riyazi modellərinin tərtibi, kimya proseslərinin mexanizmi ilə texnoloji və aparat tərtibi arasındakı əlaqənin nəzəri prinsiplərinin yaradılması mühüm yer tutur.

Y.Rüstəmovun rəhbərliyi ilə tozvari maddələrin dənəvərləşdirilməsi, onların polimer örtüklərlə kapsullaşdırılması, qurudulması, kapsuləmələgətirən polimerlərdən olan sellülozanın törəmələrinin müxtəlif xammallardan alınması proseslərinin yeni üsulları işlənib hazırlanıb. Həmçinin natrium-karboksimetilsellülozun müxtəlif xammallardan alınması prosesinin elmi əsaslarının yaradılmasını xüsusi qeyd etmək lazımdır. Respublika üçün mühüm əhəmiyyət kəsb edən bu məhsulun yerli xammal bazasında sintezi onun ölkə iqtisadiyyatının inkşafı üçün əhəmiyyətini daha da artırır.

Onun elmi-tədqiqat işlərinin nəticələri bir monoqrafiyada, 200-ə yaxın elmi əsər və 20 müəlliflik şəhadətnaməsində öz əksini tapıb. Professor Yavuz Rüstəmovun elmi işləri keçmiş ittifaqın müxtəlif şəhərlərində, həmçinin Türkiyə, İran və bir sıra başqa dövlətlərdə nəşr olunan nüfuzlu jurnallarda dərc edilib. Alim dəfələrlə beynəlxalq konfrans və konqreslərdə iştirak edərək, Azərbaycan elmini layiqincə təmsil edib.

Y.Rüstəmov apardığı elmi işlərin nəticələrinə görə, SSRİ Xalq Təsərrüfatı Nəaliyyətləri sərgisinin "Gümüş medalı", "SSRİ ixtiraçısı" döş nişanı, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomu və fəxri fərmanı ilə təltif olunub. Azərbaycan elmində göstərdiyi xidmətlərinə görə, o, "Şöhrət" ordeni ilə təltif edilib.

Görkəmli kimyaçı alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: