Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.05.2018 11:54
  • A-
  • A
  • A+

“Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda konfrans keçirilib

“Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda konfrans keçirilib

AMEA-nın Əsas binasında “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AMEA-nın Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Rusiya Coğrafiyaçı İctimaiyyətçilərinin Assosiasiyası və AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə, Rusiya, Polşa, Fransa, Serbiya və Çindən 50-yə yaxın alim və mütəxəssis iştirak edib.

Konfransı Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov açaraq bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan və Rusiyanın müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdəki durumunu araşdırmaq, ictimai coğrafiyanın inkişaf faktorları və prioritetlərini müəyyənləşdirmək, bu istiqamətdə təkliflərin hazırlanması haqda müzakirələr aparmaqdır.

Akademik iki ölkənin coğrafiyaçıları arasında elmi əlaqələrin hələ SSRİ dövründə formalaşdığını, uzun illər birgə tədqiqatlar nəticəsində mühüm nəticələrin əldə olunduğunu söyləyib.

Tarixən Azərbaycan elminin inkişafında Rusiya faktının mühüm rol oynadığını deyən R.Məmmədov bu gün iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə əlaqələrin güclü olduğunu və artan xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Daha sonra Rusiya Coğrafiyaçı İctimaiyyətçilərinin Assosiasiyasının prezidenti, Cənub Federal Universitetinin İqtisadi və Sosial Problemlər Şimali Qafqaz Elmi Tədqiqat İnstitutunun direktoru, coğrafiya üzrə elmlər doktoru, professor Aleksandr Drujinin, Çin Elmlər Akademiyasının Nankin Coğrafiya və Limnologiya İnstitutunun professoru Dong Yaven, Serbiya Coğrafiya Cəmiyyətinin sədri, coğrafiya üzrə elmlər doktoru Rayko Qnyato, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Çingiz İsmayılov, Türkiyənin Egey Universitetinin əməkdaşı, coğrafiya elmləri doktoru Aydın İbrahimov və digərləri çıxış edərək konfransın önəminə toxunub, tədbirin iki ölkənin coğrafiyaçı alimlərinin elmi əlaqələrinin möhkəmləndirilməsinə və birgə tədqiqatların aparılmasına təkan verəcəyini söyləyiblər.

Sonra plenar iclasda məruzələr dinlənilib.

Akademik Ramiz Məmmədov "Xəzər dənizi regionunda əməkdaşlığın inkişaf perspektivləri", coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov "Azərbaycan əhalisinin ərzaq məhsullarının təhlükəsizliyində aqroiqlim resurslarından istifadənin perspektivləri", coğrafiya elmləri doktoru, dosent Zakir Eminov və coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov "Rusiya Federasiyasının və türk dünyası dövlətlərinin geosiyasi məkanı: coğrafi, sosial-iqtisadi və mədəni aspekt", coğrafiya üzrə fəlsəfə doktoru Nizami Eyyubov "Azərbaycanda əhalinin təbii artımı: iqtisadi və sosial-coğrafi problemlərin tənzimlənməsi, Aleksandr Drujinin "Müasir Rusiyanın inkişafında "Türk əsasları": ictimai-coğrafi aspekt" və Moskva Dövlət Universitetinin kafedra müdiri, coğrafiya elmləri doktoru, professor Andrey Treyviş "Coğrafiyaçı-ictimaiyyətçilər bir azlıq kimi: sənaye məkanı dünyasında yaşam strategiyası" mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, konfrans öz işini mayın 14-dək davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: