Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan ampeloqrafiyası” kitabının I cildinin təqdimatı olub
11.05.2018 13:40
  • A-
  • A
  • A+

“Azərbaycan ampeloqrafiyası” kitabının I cildinin təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycan ampeloqrafiyası” adlı kitabın I cildinin təqdimat mərasimi keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq üzümçülüklə məşğul olanlar üçün qiymətli vəsait оlan nəşrin elmi dəyərindən danışıb. Bildirib ki, kitabın müəllifləri - aqrar elmlər üzrə elmlər doktoru, dosent Varis Quliyev, texnika elmlər üzrə elmlər doktoru, dosent Tariyel Pənahov, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov və aqrar elmlər üzrə fəlsəfə doktorları - Vüqar Səlimov, Mirzə Musayev, Hüseyn İdrisov və Cabbar Nəcəfovdur.

Qeyd olunub ki, vəsait Azərbaycanda üzümçülüyün elmi əsaslar üzərində inkişaf etdirilməsinə, genişləndirilməsinə, iqtisadi səmərəliliyinin yüksəldilməsinə, üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr edilən ilk fundamental əsərdir.

Daha sоnra bölmənin Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayevin “Azərbaycan üzümçülüyünə dair dəyərli əsər” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Prezident İlham Əliyevin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və 3 may 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən ölkədə geniş təşkilati işlər aparılır.

Qeyd olunub ki, üzüm genofondunun qorunması və tədqiqi, sort tərkibinin daha iqtisadi səmərəli süfrə və texniki sortlarla zənginləşdirilməsi, istifadə ediləcək sortların bioloji və təsərrüfat xüsusiyyətlərinin qiymətləndirilməsi, xüsusilə müxtəlif vaxtlarda yetişən, yüksək rentabelli, şaxtaya, xəstəlik və ziyanvericilərə nisbətən dözümlü yeni sortların əkin dövriyyəsinə əlavə edilməsi və istifadəsi üçün səmərəli təkliflərin işlənib hazırlanması ən aktual problemlərdən biridir.

Alim bildirib ki, əsərdə 16 kişmiş, 70 aborigen süfrə sortunun tam şəkildə ampeloqrafik təsvirləri və fotoşəkilləri Azərbaycan, rus və ingilis dillərində oxuculara təqdim olunur.

Sonra Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbоv, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev, akademik Həsən Əliyev adına “Araz” Elmi İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənov və digərləri çıxış edərək nəşrin müasir dövr üçün aktuallığından söz açaraq müəllifləri bu münasibətlə təbrik ediblər.

Sonda nəşrin müəlliflərdən olan Varis Quliyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: