Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanada mühafizə olunan markalar kolleksiyasının təqdimatı keçirilib
14.05.2018 09:55
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada mühafizə olunan markalar kolleksiyasının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Nadir kitab fondunda mühafizə olunan markalar kolleksiyasının təqdimatı olub.

Tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq markaların ölkəmizin tarixini, mədəniyyətini, təbiətini təbliğ etmək baxımından mühüm rol oynadığını deyib. L.İmanova həm çap, həm də elektron şəkildə hazırlanmış markalar kolleksiyasının MEK-in Milli Rəqəmsal Yaddaş Bazasına daxil edildiyini diqqətə çatdırıb.

Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova markalar kolleksiyasını təqdim edib. Bildirib ki, hazırda kitabxana fondlarında mühafizə olunan 1320 markadan 227 ədədi çap, 1123-ü isə elektron formatdadır. N.Həsənova ABŞ-da Qarabağın tarixi abidələrinə, görkəmli şəxsiyyətlərinə, eləcə də İsveçrə, Almaniya, Hollandiya, Belçikada Azərbaycana dair 35 markanın nəşr olunduğunu diqqətə çatdırıb.

Azərbaycanda nəşr olunan ilk markanın 1919-cu ilə aid olduğunu deyən N.Həsənova təqdim edilən kolleksiyada AXC, SSRİ və müstəqillik dövrünə dair fərqli mövzuların əksini tapdığını söyləyib.

Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkətinin direktoru Leyla Güləliyeva Azərbaycanda və xaricdə hər il müxtəlif mövzulu markaların istehsal olunduğunu və dövriyyəyə buraxıldığını qeyd edib. O, “Azərmarka” ilə MEK arasında markalar mübadiləsinin davam etdiriləcəyini bildirib.

Daha sonra “Azərmarka” şirkətinin dizayner rəssamı Nəriman Məmmədzadə, redaktoru Ülviyyə Qarayeva və digərləri çıxış edərək markaların hazırlanmasında mövzu seçiminin xüsusi önəm kəsb etdiyini vurğulayıb, daha geniş auditoriyada təbliğ üçün sərgilərin məktəblər daxil olmaqla bir çox müəssisədə təşkil ediləcəyini söyləyib.

Sonda “Azərmarka” şirkəti tərəfindən 2017-ci ildə nəşr edilən “Azərbaycan” adlı markalar albom-kitabı MEK-ə hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: